İQTİSADİYYAT


Növbəti açıq hərracda 19 dövlət əmlakı özəlləşdirilib

A+ A

Bakı, 1 noyabr, Elvira Məmmədova, AZƏRTAC

Noyabrın 1-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.

AZƏRTAC xəbər verir ki, budəfəki hərracda ümumilikdə 19 dövlət əmlakı olmaqla bir səhmdar cəmiyyəti, 17 kiçik dövlət müəssisə və obyekti, eləcə də bir nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu hərrac da, əvvəlki hərraclar kimi, tamamilə açıq və şəffaf şəraitdə baş tutub və istənilən vətəndaşın və ya media üzvünün iştirakına heç bir məhdudiyyət olmayıb. Həm bu hərracın, həm də respublikanın digər şəhər və rayonlarında keçirilən hərracların gedişatı əyani müşahidə şəklində böyük monitorlarda canlı izlənilib.

Hərracda özəlləşdirilmiş 17 kiçik dövlət müəssisə və obyektindən 5-i paytaxtda, 2-si Sumqayıtda, biri Yevlaxda, biri Cəlilabadda, 2-si Şəkidə, 2-si Gəncədə, biri Kürdəmirdə, biri İsmayıllıda, biri Qobustanda, biri Mingəçevirdə yerləşir. Bu əmlakların 4-ü ticarət obyekti olmaqla, 10-u xidmət və ictimai iaşə, qalanları isə sənaye sahəsinə aiddir.

Hərracda ən yüksək qiymət paytaxtın Qaradağ və Sabunçu rayonlarında yerləşən obyektlərə təklif olunub. Bunlar Qaradağ rayonundakı 193,5 kvadratmetr sahəsi olan Məişət evi və Sabunçu rayonunda yerləşən 67,1 kvadratmetr sahəsi olan 91 saylı mağazadır. Hər iki daşınmaz əmlaka 20 min manat təklif olunub və özəlləşdirilib. Eyni qiymət Kürdəmirdə yerləşən sahəsi 337 kvadratmetr olan 1 saylı çörəkbişirmə sexinə də təklif edilib.

Bildirilib ki, hərraca çıxarılmış və özəlləşdirilmiş hər bir kiçik dövlət müəssisə və obyekti orta və kiçik portfelli biznesin qurulması və inkişafı üçün potensial daşınmaz əmlaklardır.

Hərracda özəlləşdirilmiş iri dövlət müəssisəsi olan “Pirallahı Çörək” Səhmdar Cəmiyyəti isə yeyinti sənayesi sahəsinə aiddir. Müəssisənin özəlləşdirilməsi sonradan qoyulacaq investisiya nəticəsində fəaliyyətin tam bərpası və gələcəkdə yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Hərracda iştirak edən və qalib olan vətəndaşlar tərəfindən hərrac bitdikdən sonra hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Bu əmlak sahibləri hərracda əldə etdikləri yeni mülkiyyətə dair dövlət reyestrindən çıxarışları da qısa müddətdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ala biləcəklər.

Növbəti belə hərrac noyabrın 8-də keçiriləcək və 77 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılacaq.

Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10 faizi məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür. Özəlləşməyə çıxarılan hər bir dövlət əmlakının satış qiyməti, habelə mətn və foto məlumatlar, eləcə də əmlakların yerləşmə mövqeyini göstərən xəritələr (google map) Özəlləşmə Portalında əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.