İQTİSADİYYAT


Növbəti açıq hərracda 31 dövlət əmlakı özəlləşdirilib

A+ A

Bakı, 25 oktyabr, Elvira Məmmədova, AZƏRTAC

Oktyabrın 25-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçirilib.

AZƏRTAC xəbər verir ki, hərraca çıxarılan 84 dövlət əmlakından 31-i özəlləşdirilib. Hərracda satılmış əmlakların 3-ü səhmdar cəmiyyəti, 16-sı kiçik dövlət müəssisə və obyekti, 3-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsi olub.

Qeyd edək ki, bu hərrac da, əvvəlki hərraclar kimi, tamamilə açıq və şəffaf şəraitdə baş tutub və istənilən vətəndaşın və ya media üzvünün iştirakına heç bir məhdudiyyət olmayıb. Həm bu hərracın, həm də respublikanın digər şəhər və rayonlarında keçirilən hərracların gedişatı əyani müşahidə şəklində böyük monitorlarda canlı izlənilib.

Hərracda iştirak edən iddiaçılardan satışa çıxarılmış əmlak üzrə hərrac qaydalarına əsasən, ən yüksək qiyməti təklif edənlər hərracın qalibi elan olunub. Bu qaliblər hərrac protokolu və alqı-satqı müqaviləsini imzalayaraq əmlak sahibi olublar. Xatırladaq ki, hərracdan sonra bu vətəndaşların özəlləşdirdikləri əmlak üzərində mülkiyyət hüquqlarının təsdiqinə dair dövlət reyestrindən çıxarışlar da qısa müddətdə və rahat şəkildə vətəndaşlara təqdim olunur.

Hərracda özəlləşdirilmiş 3 iri dövlət müəssisəsindən “SAM” səhmdar cəmiyyəti sənaye, “İsmayıllı Kəndkimya” ASC aqrar, “Zaqatala Avtonəqliyyat” ASC isə nəqliyyat sahəsinə aid olan müəssisələrdir. Regionlarda yerləşən belə dövlət əmlaklarının özəlləşdirilməsi bu müəssisələrə irihəcmli investisiya qoyuluşlarına yol açır. Belə müəssisələrin istehsal fəaliyyətinin bərpası və gələcəkdə yeni iş yerlərinin yaradılması son nəticədə regionların iqtisadi potensialının güclənməsinə imkan yaradır.

Hərracda satılmış kiçik dövlət müəssisə və obyektlərindən 6-sı paytaxtda, 2-si Sumqayıt şəhərində, 3-ü Şəmkirdə, 2-si Gədəbəydə, 1-i Xaçmazda, 2-si isə Gəncə şəhərində yerləşir. Bu əmlakların 9-u ticarət obyekti, qalanları isə xidmət və ictimai iaşə sahəsinə aid olub. Özəlləşdirilmiş 3 istifadəsiz qeyri-yaşayış sahəsinin hamısı Bakı şəhərində yerləşir.

Özəlləşmiş hər bir kiçik dövlət əmlakı kiçik sahibkarlığın qurulması və biznesin inkişafı üçün əlverişli daşınmaz əmlaklardır. Hərracda belə əmlakın sahibi olan fiziki və ya hüquqi şəxs kiçik investisiya ilə yeni biznes fəaliyyətinə başlaya və özəlləşdirdiyi əmlakı digər formalarda gəlir mənbəyinə çevirə bilər.

Xatırladaq ki, növbəti belə hərrac noyabrın 1-də keçiriləcək və 101 dövlət əmlakı satışa çıxarılıb.

Qeyd edək ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10 faizi məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərindən almaq mümkündür. Yaxın gələcəkdə “onlayn hərrac”ların tətbiqi xarici investorlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraclarda internet üzərindən onlayn rejimdə iştirak etməyə imkan verəcək.

Qeyd edək ki, özəlləşməyə çıxarılan hər bir dövlət əmlakının satış qiyməti, habelə mətn və foto məlumatlar, eləcə də əmlakların yerləşmə mövqeyini göstərən xəritələr (google map) Özəlləşmə Portalında əks olunur. Bütün bunlar investorlar və özəlləşdirmədə iştirak etmək niyyəti olan potensial iştirakçıların satılan əmlaklar barədə daha geniş məlumata malik olmasına imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.