ELM VƏ TƏHSİL
Növbəti diaqnostik qiymətləndirmədə 12 minədək müəllim iştirak edəcək
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 16-dan başlanan diaqnostik qiymətləndirmə başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Bərdə Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 10 min nəfərdən çox müəllim iştirak edib.
Növbəti diaqnostik qiymətləndirmə aprelin 25-dən 30-dək Bərdə Olimpiya İdman Kompleksində keçiriləcək. Qiymətləndirmədə 12 minədək müəllim iştirak edəcək. Beş gün ərzində Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.
Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər www.dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda, həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkarlandıqda yerli təhsili idarəetmə orqanlarına müraciət oluna bilər.
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.