MƏDƏNİYYƏT
Növbəti elmi seminar Ömər Xəyyamın rübailərinin təhlilinə həsr olunub
Bakı, 18 dekabr, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qədim Şərqin elm, fəlsəfə dünyasının böyük ustadı - filosof, şair, riyaziyyatçı Ömər Xəyyamın rübailərinin təhlilinə həsr olunmuş növbəti elmi seminar məşğələsi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, orta əsrlər divan ədəbiyyatının əvəzsiz incilərindən olan bu poetik irs insan və həyat, cəmiyyət və kainatın dərki yolunda ictimai-fəlsəfi düşüncələrin tərcümanıdır.
Muzeyin Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiq və təqdimi şöbəsinin elmi işçisi Nərmin Əliyeva çıxışında XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyamın həyatı, əsərlərinin yazıya alınma, tərcümə tarixindən bəhs edərək, misilsiz söz ustasının yaradıcılığında bu gün də diqqəti cəlb edən mey, saqi, ədalətsizliklər haqqında motivləri təhlil edib.
Məruzədə dahi Ömər Xəyyamın ədəbi yaradıcılığındakı bəşəri siqlətin, ictimai-siyasi mahiyyətin XXI əsrdə də əhəmiyyətini qoruyub saxladığı tutarlı sübut və dəlillərlə şərh olunub.
Müxtəlif illüstrativ materiallarla müşayiət olunan məruzə böyük maraqla qarşılanıb və tədbir geniş fikir mübadiləsi ilə davam etdirilib.