CƏMİYYƏT
Növbəti fərdi jurnalist yazıları müsabiqəsi elan olunub
Bakı, 1 avqust, AZƏRTAC
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ilə birgə “Azərbaycanın alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
KİVDF-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin qlobal təhlükəsizliyə verdiyi töhfənin, ətraf mühitin qorunmasına müsbət təsirinin, iqtisadi baxımdan səmərəliliyinin ictimaiyyətin diqqətinə çatdırılması, bu sahədə mövcud vəziyyətinin araşdırılması, əsas prioritetlərin nəzərdən keçirilməsi və perspektiv imkanların təhlil edilməsidir.
Yazılar avqustun 1-dən oktyabrın 1-dək təqdim edilməlidir.
Dərc olunan yazıların sərlövhələri təklif edilən mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
Müsabiqədə birinci yer üçün bir, ikinci yer üçün iki, üçüncü yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Birinci yerin qalibinə 1000, ikinci yeri tutana 800, üçüncü yerin sahibinə isə 600 manat veriləcək. Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) təqdim olunacaq.
Qaliblər KİVDF-nin və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin xüsusi diplomu ilə təltif ediləcəklər.
Müsabiqə ilə bağlı ətraflı məlumatı www.kivdf.gov.az saytından əldə etmək olar.