İQTİSADİYYAT
Növbəti hərracda 24 dövlət əmlakı özəlləşdirilib
Bakı, 4 iyul, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə açıq hərraclar davam etdirilir.
Komitədən AZƏRTAC-a bildirilib ki, daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti belə hərrac iyulun 4-də keçirilib. Hərracda 5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı şəhəri üzrə 11 istifadəsiz qeyri yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 4 istifadəsiz qeyri- yaşayış sahəsi özəlləşdirilib.
Özəlləşdirilən kiçik dövlət müəssisəsi tikinti, ticarət, təmir, sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Ağsu, Şirvan, Zaqatala və Balakəndə yerləşir.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bu əmlaklar hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Zaqatala Barama Toxuma Zavodunu, Balakəndəki 33 saylı kiçik dövlət müəssisəsini nümunə göstərmək olar. Zaqatala Barama Toxuma Zavodunun torpaq sahəsi 18 min 350 kvadratmetr, ümumi faydalı sahəsi isə 3881 kvadratmetrdir. Balakəndə 33 saylı sexin torpaq sahəsi isə 2803 kvadratmetr, ümumi faydalı sahəsi 403 kvadratmetrdir. Özəlləşdirilən əmlakların sahəsi 71 kvadratmetrlə 3881 kvadratmetr arasında dəyişir.
Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Astara rayonunda yerləşən sahəsi 126 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.
Keçirilən hərracların nəticələri ilə http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r linkdən istifadə etməklə tanış olmaq mümkündür.
Xatırladaq ki, artıq hərraclarda onlayn qaydada da iştirak etmək mümkündür. Hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərracı keçirilir. Bugünkü hərracda elektron qaydada nəqliyyat vasitələrinin hərracı rəqabətli şəraitdə keçirilib. Elektron hərracın vasitəsilə onlayn olaraq 1 avtomobil özəlləşdirilib.
Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.
Qeyd edək ki, dövlət əmlaklarının özəlləşdirilməsi bu müəssisələrə gələcəkdə investisiya qoyuluşlarının artmasına, müəssisələrin istehsal fəaliyyətinin bərpası, yeni biznes subyektlərinin qurulmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, özəlləşdirilən əmlakların bir çoxu regionlarda yerləşir, bu, bölgələrdə əlavə iş yerlərinin yaradılmasına, rayonların iqtisadi potensialının artmasına imkan verəcək.
Zaqatalada yerləşən Barama Toxuma Zavodu kimi əmlakların özəlləşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı, həm də yüngül sənayenin inkişafına töhfə verir. Bu isə daxili geyim tələbatın ödənilməsinə, xarici bazarlardan asılılığın aradan qaldırılmasına səbəb olur. Eyni zamanda, ixrac potensialımızın artırılması ilə kapital axınına imkan yaradır.
Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10 faizi məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları “Özəlləşmə portalı”nda əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və “Özəlləşdirmə portalı”nda yerləşdirilir.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyulun 11-də keçiriləcək. Hərraca ümumilikdə 206 əmlak çıxarılıb. Bunun 20-si səhmdar cəmiyyət, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımçıq tikilidir.