İQTİSADİYYAT
Növbəti hərracda 32 dövlət əmlakı özəlləşdirilib
Bakı, 20 iyun, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən daşınmaz əmlakın özəlləşdirilməsi sürətlə davam edir.
Komitədən AZƏRTAC-a bildirilib ki, iyunun 20-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda 32 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyət, 19-u kiçik dövlət müəssisəsi, 7-si qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyətə, 8 kiçik dövlət müəssisəsinə, 6 istifadəsiz qeyri-yaşayış sahəsinə və 5 nəqliyyat vasitəsinə, respublikanın digər şəhər və rayonları üzrə 11 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri-yaşayış sahəsinə sifariş verilib. Ümumilikdə isə 1 milyon manatdan artıq vəsait dövlət büdcəsinə köçürülüb.
Özəlləşdirilən əmlaklar səhiyyə, pambıqçılıq sahəsinə aid olmaqla yanaşı, ictimai iaşə, nəqliyyat sferasında da obyektlər öz sahibini tapır. Məsələn, yerləşmə, sahəsinə və digər parametrlərinə görə seçilən “Dalğa” kiçik dövlət müəssisəsi ictimai iaşə obyekti kimi iqtisadi baxımdan əlverişlidir. Sumqayıtda yerləşən bu əmlakın torpaq sahəsi 5202 kvadratmetr, ümumi faydalı sahəsi isə 1271 kvadratmetr təşkil edir.
Paytaxtda özəlləşdirilən 8 kiçik dövlət müəssisəsindən 3-ü Sabunçu, 3-ü Suraxanı digərləri isə müvafiq olaraq Nəsimi və Pirallahı rayonlarında yerləşir. Altı istifadəsiz qeyri-yaşayış sahəsindən 4-ü Nərimanov, qalanları isə müvafiq olaraq Sabunçu və Nəsimi rayonlarındadır.
Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən 11 kiçik dövlət müəssisəsindən 3-ü Şəmkirdə, 2-si Sabirabadda qalanları isə müvafiq olaraq Sumqayıtda, Şəkidə, Daşkəsəndə, Salyanda, Zaqatalada və Ağsuda yerləşir. Bölgələrdə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Şirvan şəhərindədir.
Keçirilən hərracların nəticələri ilə linkindən istifadə etməklə tanış olmaq mümkündür.
Qeyd edək ki, Şəkidə yerləşən “Barama Toxuma” zavodu kimi əmlakların özəlləşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı, həm də yüngül sənayenin inkişafına töhfə verir. Bu isə daxili geyim tələbatının ödənilməsinə, xarici bazarlardan asılılığın aradan qaldırılmasına səbəb olur. Eyni zamanda, ölkədən vəsait çıxmamaqla yanaşı, bu, ixrac potensialımızın artırılması ilə kapital axınına imkan yaradır. Bundan başqa özəlləşdirilən əmlakların paytaxtla yanaşı, regionlarda yerləşməsi də bölgələrdə yeni iş yerlərinin açılmasına, regionların iqtisadi potensialının artmasına şərait yaradır. Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır.
Komitə tərəfindən növbəti belə hərrac iyunun 29-da keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçidindən istifadə etmək kifayətdir.
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1888