ELM VƏ TƏHSİL
Növbəti səyyar qəbul dekabrın 4–də 276 nömrəli məktəbdə keçiriləcək
Bakı, 30 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbul dekabrın 4–də 276 nömrəli tam orta məktəbdə keçiriləcək. Səyyar qəbula Nəsimi və Binəqədi rayonlarının məktəblərinin və məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllim və valideynləri müraciət edə bilərlər.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, səyyar qəbullar saat 10.00–da başlanacaq və vətəndaşların müraciətləri bitənədək davam edəcək.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədini daşıyır.
Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən öyrənilir, problemli məsələlər həll edilir, lazımi təşkilatı və maarifləndirmə tədbirləri görülür.