ELM VƏ TƏHSİL
Növbəti səyyar qəbul mayın 6–da keçiriləcək
Bakı, 3 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbul mayın 6-da 299 nömrəli məktəbdə keçiriləcək.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, səyyar qəbula Nəsimi və Binəqədi rayonlarının məktəblərinin, məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllimləri və valideynlər müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10.00–da başlanacaq və vətəndaşların müraciətləri bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsi BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədini daşıyır.
Məktəblərdə səyyar qəbullar keçirməklə müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən öyrənilir, problemli məsələlər həll edilir, lazımi təşkilatı və maarifləndirmə tədbirləri görülür.