ELM VƏ TƏHSİL


Növbəti sınaq imtahanına qeydiyyat başlanıb

Bakı, 17 may, AZƏRTAC

Birinci-dördüncü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə iyunun 11-də ikinci sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, sınaq imtahanında iştirakçılara yeni test kitabçası təqdim olunacaq. İmtahanın respublikanın 11 şəhər və rayonunda 63 imtahan binasında təşkili nəzərdə tutulur. Sınaq imtahanının keçirilməsi üçün imtahan binalarında ümumilikdə 35 min 200 yer ayrılıb. Sınaq imtahanları bir növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlanır.

İyunun 11-də keçiriləcək sınaq imtahanına qeydiyyat iyunun 6-da saat 10:00-dək aparılacaq.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Sınaq imtahanı üçün ödəmə kartlarının alınması” bölməsinə daxil olaraq “Sınaq imtahanı” ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində “Yeni istifadəçi” kimi qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə etməklə sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Mayın 27-də keçiriləcək ilk sınaq imtahanına da yazılış davam edir. Abituriyentlər DİM-in saytının “Sınaq imtahanına yazılış” bölməsində imtahan keçiriləcək bina və yerlərlə tanış ola bilərlər.

İyunun 11-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək. Həmin imtahanda iştirak etməli olan abituriyentlərin sınaq imtahanına yazılmamaları xahiş edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.