SİYASƏT
Novruz Məmmədov: Mehriban Əliyeva milli maraqların qorunması və təbliğində çox böyük işlər görür VİDEO
Bakı, 22 fevral, AZƏRTAC
Mehriban Əliyeva uzun illərdir, Azərbaycanın həyatında fəal iştirak edir, dövlətçiliyin müəyyən istiqamətlərində çox böyük işlər görür, tədbirlər həyata keçirir. Böyük uğurlar və nailiyyətlər qazanıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Novruz Məmmədov qeyd edib ki, ötən il referendumdan sonra Azərbaycanda birinci vitse-prezident vəzifəsi yaradılacağı məlum olanda, demək olar, Azərbaycanda hamı həmin vəzifədə Mehriban Əliyevanı görürdü.
“Bu, Mehriban xanımın bu illər ərzində qazandığı nüfuzun göstəricisidir. Bu gün həm ölkə daxilində, həm də xaricdə Mehriban Əliyevanın Azərbaycan dövlətçiliyinin, milli maraqların qorunmasında və təbliğində çox böyük yeri və imici var. Bu təyinat Azərbaycanın indiki dövrdə sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində böyük kömək olacaq. Mehriban xanım öz fəaliyyəti, istedadı, yorulmazlığı ilə Azərbaycan dövlətçiliyinin çox mühüm istiqamətlərində əlindən gələni edəcək, yeni uğur və nailiyyətlərə imza atacaq”, - deyə Prezident Administrasiyasının rəsmisi bildirib.