MƏDƏNİYYƏT


Novruz bayramı Bolnisi rayonunda böyük coşqu ilə qeyd olunub

Tbilisi, 20 mart, AZƏRTAC

Novruz bayramı Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə böyük sevinc və coşqu ilə qeyd olunub.

Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kənd bir saylı məktəbində Novruz bayramı ilə əlaqədar bayram şənliyi keçirilib.

Buraya toplaşanlar at yarışlarına, kosa və keçəlin məzəli tamaşalarına, rəqslərə baxıblar. Aşıqlar və incəsənət ustaları xalq mahnılarını ifa ediblər.

Rayonun ayrı-ayrı kəndlərindən gəlmiş azərbaycanlılar Novruz süfrələri açıblar.

Kəpənəkçi kənd icra nümayəndəsi Tengiz Göyüşov tədbiri açdıqdan sonra Azərbaycanın Gürcüstandakı səfirinin birinci katibi Elçin Məmmədov, Bolnisi Rayon İcra Hakimiyyətinin başçısı David Şerezadişvili, Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani və başqaları çıxış edərək insanları təbrik edib, Azərbaycan və gürcü xalqları arasındakı qədim dostluq və qardaşlıq əlaqələrindən danışıb, milli bayramlarımızın birlikdə qeyd olunmasını qürur hissi ilə vurğulayıblar.

Tədbirdə Bolnisi rayonunun rəhbər vəzifəli şəxsləri, qonşu kəndlərin sakinləri iştirak ediblər.

Rayon rəsmiləri və qonaqlar Novruz bayramı münasibətilə açılmış süfrədə Azərbaycan mətbəxinin nümunələrindən dadıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.