MƏDƏNİYYƏT
Novruz bayramı “Havana” televiziya kanalında VİDEO
Vaşinqton, 15 mart, AZƏRTAC
Azərbaycanın Kubadakı səfirliyi və bu ölkənin Radio və Televiziya Təşkilatının birgə dəstəyi ilə “Havana” televiziya kanalı Azərbaycanın tarixi və mədəniyyətinə həsr edilmiş “Odlar Yurdu Azərbaycan” adlı on hissədən ibarət sənədli filmin çəkilişlərinə başlayıb. Sənədli filmin ilk hissəsinin xalqımızın əziz bayramı olan Novruz bayramına həsr edildiyini nəzərə alaraq, fevralın 21-dən başlayaraq ölkəmizdə bayram şənlikləri ilə qeyd edilən hər çərşənbə axşamlarında Kubanın televiziya və radio kanalları vasitəsi ilə reportajlar verilib, Novruz bayramının adətləri geniş təbliğ olunub.
Azərbaycan ilə Kuba arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyinin qeyd edilməsi ilə bağlı həyata keçirilən hazırkı layihə çərçivəsində martın 14-də Kubanın “Havana” televiziya kanalının gün ərzində efirə getmiş xəbərlər proqramlarında Azərbaycanda İlaxır və ya Torpaq çərşənbəsinin adətlərindən bəhs edən növbəti reportaj nümayiş olunub.
Reportajda Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri də başda olmaqla, bütün Azərbaycan xalqının hər il Novruz bayramını böyük sevinclə qeyd etdiyi bildirilib. Bildirilib ki, hazırda odlar yurdu Azərbaycanda sülhsevərliyi və təbiət sevgisini özündə əks etdirən Novruz bayramının gəlişindən xəbər verən sonuncu Torpaq çərşənbəsi qeyd olunur.
Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov “Havana” televiziya kanalına müsahibəsində Novruz bayramının çərşənbə axşamları, xalqımızın özünəməxsus adətləri haqda bəhs edib.
Novruz bayramının Azərbaycan xalqına məxsus adətləri barədə reportajların Kubanın televiziya və radio kanalları vasitəsilə yayımlanması davam edir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton