Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Novruz bayramı Naxçıvanda yüksək əhval-ruhiyyə ilə qeyd edilir

Naxçıvan, 19 mart, Rauf Kəngərli, AZƏRTAC

Novruz bayramı bu il də Naxçıvan Muxtar Respublikasında əmin-amanlıq və iqtisadi yüksəliş şəraitində qeyd olunur.

Muxtar respublikanın hər yerində olduğu kimi, Şərur rayonunda da bayrama hərtərəfli hazırlıq işləri görülüb. Rayon ictimaiyyəti Şərur şəhərinin Heydər Əliyev prospektindəki meydanda baharın gəlişini təmtəraqla qeyd edib.

Bayramsayağı bəzədilmiş meydanda rayon mədəniyyət və turizm şöbəsinin musiqi kollektivlərinin hazırladığı əyləncəli və rəngarəng proqramlar bayram şənliyinə toplaşanların alqışları ilə qarşılanıb. Novruz tonqalının ətrafında rəqs edənlərin, “Yallı” ifa edənlərin, halay tutanların çıxışları, əllərində baharın rəmzi olan səməni tutmuş qızların meydan boyu hərəkətləri, Keçəl və Kosanın Novruz əhval-ruhiyyəli məzəli hərəkətləri və zarafatları tədbirə xoş ovqat bəxş edib.

“Arpaçay” instrumental ansamblının müşayiəti ilə müğənnilər Novruzu, baharı vəsf edən nəğmələr və xalq mahnıları, aşıqlar saz havaları oxuyublar. Şərur Rayon Mədəniyyət Sarayının qarşısındakı meydanda isə uşaq musiqi məktəblərinin şagirdləri istedadlarını nümayiş etdiriblər.

Azərbaycanı beynəlxalq xalq yaradıcılığı festivallarında məharətlə təmsil edən və Şərura həmişə yüksək mükafatlarla qayıdan “Şərur” və “Şərur qönçələri” yallı kollektivləri ifa etdikləri xalq rəqsləri ilə şənliyi daha da rövnəqləndiriblər. Faytonda meydana daxil olan Bahar qız tədbir iştirakçılarını baharı vəsf edən nəğmə ilə salamlayıb.

Şənlikdə arzular, diləklər də bildirilib, Dədə Qorqudun müdrik kəlamları səsləndirilib: “Torpağımız bərəkətli olsun, tonqallarımız heç vaxt sönməsin!”

Rayon ziyalısı Vidadi Süleymanov bizimlə söhbətdə bildirdi ki, Şərur bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. İnsanların bayramı yüksək əhval-ruhiyyə ilə qeyd etmələri də bununla əlaqədardır. Bu qədim yurd yeri bu gün hərtərəfli qayğı ilə əhatə olunub. İqtisadiyyat inkişaf etdirilir, yeni emal və sənaye müəssisələri yaradılır, quruculuq tədbirlərinin həcmi gündən-günə artır. Odur ki, Şərur hər il daha da gözəlləşir, insanların rifah halı yaxşılaşır. Bütün bunlar şərurluların qurub-yaratmaq əzminə öz təsirini göstərir. Rayon sakinləri Şərurun daha da çiçəklənməsi naminə müxtəlif sahələrdə qazandıqları uğurları artırırlar.

Muğanlı kənd sakini Vasif Məmmədov qeyd etdi ki, Şərur müasir Azərbaycan rayonunun canlı nümunəsidir. Bu, muxtar respublikada həyata keçirilən uğurlu quruculuq siyasətinin nəticəsidir. Şərur rayonunda da hər il müxtəlif təyinatlı obyektlərin açılışları olur. Yeni iş yerləri yaradılır. Ona görə də şərurluların bütün bayramları belə şən ovqatda qeyd etmələri təbiidir.

Ümumiyyətlə, Novruz şənlikləri Şərur rayonunda da xalqımızın birliyinin, yenilməzliyinin, məğrurluğunun, keçmişimizə sadiqliyinin, gələcəyə böyük inamının rəmzi kimi əsl bayram əhval-ruhiyyəsi, sevinc və şadlıqla qeyd edilib. Bayram münasibətilə keçirilən ümumrayon şənliyi yüksək səviyyədə təşkili ilə yadda qalıb, hər kəs bu tədbirdən xoş təəssüratlarla, sevinc hissləri ilə ayrılıb.

X X X

Bayram münasibətilə Babək rayonunda da şənlik keçirilib. Rayon mərkəzində təşkil edilən tədbirin aparıcıları babəkliləri Novruz bayramı münasibətilə təbrik edərək bildiriblər ki, qədim tarixə malik Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Böyük mənəvi gücə malik Novruz bayramı ulu əcdadlarımızın bizə əmanət etdiyi ən gözəl yadigardır. Bu bayram Azərbaycan xalqının milli ruhunu, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Qoy, bu Novruz elimizə-obamıza əmin-amanlıq gətirsin, süfrələrimizin bərəkətini artırsın, həmrəyliyimizi əbədi etsin.

Bayram tonqalı alovlandırıldıqdan sonra Novruzu vəsf edən mahnılar oxunub, xalq mahnıları, aşıq havaları səsləndirilib. Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin musiqi kollektivlərinin hazırladıqları konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb. Xalq çalğı alətləri, nağara və saz ansambllarının ifaları, rayon Mədəniyyət Evinin “Yallı” qrupunun təqdim etdikləri rəqslər şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə müxtəlif milli oyunlar, qədim məişət əşyaları, milli mətbəximizin nümunələri və şirniyyatlar, adət-ənənələrimiz, folklorumuz nümayiş etdirilib. Həmçinin tədbirdə yun darama, cəhrədə yun əyirmə, xalçatoxuma, kirkirədə qovut çəkmə, daşda ət döymə və sair kimi qədim el nümunələrimiz də ictimaiyyətin nümayəndələri tərəfindən maraqla izlənilib.

Bayram tədbirində bir neçə babəkli ilə görüşüb həmsöhbət olduq. Nehrəm kəndindən gəlmiş Akif Hacıyev dedi ki, Novruz milli dəyərləri, qədim keçmişimizi özündə yaşadan və hər bir azərbaycanlı üçün əziz bayramdır. Ulu əcdadlarımızdan bizə yadigar qalan bu bayramda xonçalar bəzənir, səmənilər qoyulur, küsülülər barışır, süfrələrimizi müxtəlif milli yeməklər bəzəyir. Bu bayramı bütün başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir.

Qahab kənd sakini Əmrah Rzayev bildirdi ki, bu bayram bizim milli bayramımız olmaqla bərabər, həm də bütün dünyada ən qədim bayramlardandır. Babəklilər hər zaman bu bayramı böyük sevinclə qeyd ediblər. Novruzun dövlət səviyyəsində qeyd olunması bizi daha da qürurlandırır. Bu qürurun digər səbəbi isə budur ki, ildən-ilə dövlətimizin gücü daha da artır. Hər yerdə genişmiqyaslı quruculuq, abadlıq işləri aparılır, kəndlərimiz öz simasını dəyişir. Elə bunun özü də bir bayram sevincidir. Novruz bayramı isə bu sevincimizi ikiqat artırır.

X X X

Ordubad rayonunda da qədim el bayramı münasibətilə şənlik keçirilib. Rayon mərkəzində təşkil edilən bayram şənliyində çıxış edən aparıcılar bildiriblər ki, əsrlərin sınağından çıxaraq milli dəyərlərimizi özündə yaşadan Novruz qədimdən bəri insanlar arasında həmrəylik, mərhəmət və mehribanlıq duyğularının təməli olub. Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs ənənələrinə söykənməklə, özündə böyük bədii-estetik, mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir.

Tədbirdə iştirak edənlərə xeyir-dua vermək üçün el ağsaqqalı Dədə Qorqud meydana gəlib, öz xeyir-duasını verib. Xalqımıza əmin-amanlıq, xoş günlər arzulayıb.

Sonra bayram tonqalı yandırılıb. Tonqal ətrafında milli rəqslərimiz ifa edilib, Novruza aid şeirlər söylənilib. Rayonun mədəniyyət evlərinin folklor qruplarının çıxışları alqışlarla qarşılanıb.

“Xanbəzəmə” oyun-tamaşası Ordubadda hər il keçirilən Novruz şənliklərində təqdim olunan əsas ənənələrdəndir. Bu il də bu ənənəyə sadiq qalınıb. Kosa ilə Keçəl də şənliyə dəvət ediliblər. Onların təqdim etdikləri kompozisiya tədbir iştirakçılarında yüksək ovqat yaradıb. Qoçların döyüşü də maraqla qarşılanıb.

Tədbirdə rayon Mədəniyyət Evinin “Dübəndi” instrumental ansamblı üzvlərinin ifasında Novruza, yazın gəlişinə həsr olunan mahnılar səsləndirilib.

Bayram tədbirində iştirak edən rayon sakinləri ilə həmsöhbət olduq. Hüsniyyə Mərdanova dedi ki, Novruzun gəlişi hər il el-obamızda əsl şənliyə çevrilir. Ulu babalarımızın əsrlərlə yaşatdığı bu bayram ölkəmizin hər yerində olduğu kimi, Ordubadda da böyük sevinc hissi ilə qeyd olunur. Hələ keçmiş SSRİ dövründə Novruz bayramının keçirilməsinə icazə verilmədiyi vaxtda bu bölgədə bayram hər kəs tərəfindən böyük sevinclə qeyd edilib.

Telli Bağırova bildirdi ki, Novruz bizim ən əziz bayramımızdır. Bu bayramda küsülülər barışır, böyüklərimiz ziyarət olunur, qohum-əqrəba bir-birinə bayramlaşmağa gedir. Bu bayramla bağlı çox sayda adət-ənənələr mövcuddur ki, bu ənənələr bu gün də böyük ehtiramla qorunur və yaşadılır.

Rayon ziyalılarından Abbas Tağıyev və Behbud Hüseynov qeyd etdilər ki, muxtar respublikamızın hərtərəfli inkişaf və tərəqqisi bağlar diyarı olan Ordubada da yeni həyat bəxş edib. Həm rayon mərkəzində, həm də kənd yaşayış məntəqələrində aparılan kompleks quruculuq tədbirləri Ordubadın simasını tamamilə dəyişib, onu müasir rayona çevirib. Bu da Novruz şənliklərinin daha yüksək əhval-ruhiyyədə keçirilməsinə imkan verib.

X X X

Əsrlərin sınağından çıxmış milli dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı Culfa rayonunda da qeyd edilib. Tədbirin aparıcıları vurğulayıblar ki, Novruz hər bir azərbaycanlı üçün əziz olan, milli adət və ənənələrimizi yaşadıb dövrümüzə gətirib çıxaran, eləcə də bu gün bizi birləşdirən, daha da həmrəy edən bayramdır.

Ulu Dədə Qorqudun müdrik kəlamları, alqış və xeyir-duası ilə başlanan şənlikdə qılınc-qalxanlı cəngavərin keşiyini çəkdiyi tonqal alovlandırılıb, xalq yaradıcılığı nümunələri sərgilənib.

Bahar qız, Kosa və Keçəlin iştirakı və duzlu-məzəli zarafatları ilə keçən bayram tədbirini mahnı və rəqs kollektivlərinin töhfələri rövnəqləndirib. “Yallı”, “Tello” və digər milli rəqslərimizin usta rəqqaslar tərəfindən ifası tamaşaçılarda xoş ovqat yaradıb. Müğənnilərdən Nazil Qulusoy, Gülnar Qasımova, Rəşad Nəcəfov, Elməddin İbrahimov tərəfindən səsləndirilən, baharı vəsf edən mahnılar şənlik iştirakçılarında bayram əhval-ruhiyyəsi yaradıb. Aslan Həmidlinin, İkram Nəcəflinin sazla, Kamil Abbasovun balaban və tütəklə ifa etdikləri mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Şənliyə toplaşan tamaşaçıların sürəkli alqışları ilə qurşaq tutub güclərini nümayiş etdirən gənc pəhləvanlar bayrama əsl festival ab-havası qatıblar.

Tədbir əsnasında həmsöhbət olduğumuz rayon sakini Ələkbər Quliyev dedi ki, Novruz arzu dolu sabahlara açılan qapı, hər bir azərbaycanlının, hər bir insanın, hər bir ailənin bayramıdır, bizim müstəqil Azərbaycanın bayramıdır. Müstəqillik illərində Culfa rayonu müasir bir bölgəyə çevrilib. Rayon mərkəzində, kənd yaşayış məntəqələrində tikinti-quruculuq tədbirləri geniş vüsət alıb. Bu da culfalılara böyük sevinc və fərəh bəxş edib. Onlar Novruzu sevinc hissləri ilə qarşılayırlar.

Novruz bayramı ilə bağlı arzularını, ürək sözlərini dilə gətirənlərdən biri də rayon sakini Məhəmməd Əliyev oldu. O dedi ki, zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərinin yaranmasına səbəb olan Novruz bayramı xalqa gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri aşılayır. Hər il olduğu kimi, Culfa rayonunun sakinləri bu il də Novruz bayramını qeyd etmək üçün bir araya gəliblər. Burada ictimaiyyətin nümayəndələri iştirak edirlər. Bu, yaxşı ənənədir. Yenə Novruzu bol ruzi, bərəkətlə qarşılayırıq. Ruzi-bərəkətimizin bolluğu muxtar respublikamızın bütün bölgələri kimi, Culfa rayonuna da göstərilən davamlı dövlət qayğısının bəhrəsidir.

X X X

Novruz bayramı tədbiri Kəngərli rayonunda da yüksək əhval-ruhiyyə ilə qeyd olunub. Qıvraq qəsəbəsindəki Heydər Əliyev mədəniyyət və istirahət parkında keçirilən bayram şənliyində rayon sakinləri fəallıqla iştirak edib.

Novruz atributları ilə bəzədilmiş park bura toplaşmış hər kəsin zövqünü oxşаyıb. “Elimizə bahar gəlir” adlı bayram tədbiri at yarışı və xoruz döyüşdürmələri ilə başlayıb. Qaliblər hədiyyələrlə mükafatlandırılıblar. Rаyon mədəniyyət və turizm şöbəsinin “Kəngər” instrumental ansamblının, uşаq musiqi məktəblərinin musiqi kollеktivlərinin, folklor qruplаrının, rayon idmançılarının çıxışlаrı, Kosa və Keçəlin nümаyiş еtdirdikləri oyunlаr tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbirin keçirildiyi ərazidə yerli ərzaq məhsullarından və müxtəlif əl işlərindən ibarət təşkil olunmuş sərgiyə də tamaşaçı marağı böyük idi.

Novruz bayramının təntənəli şəkildə keçirildiyi bu günlər Kəngərli rаyonunun sakinləri üçün əlamətdar tarixlərdən biridir. Çünki bu rаyon Novruz bаyrаmı ərəfəsində – 2004-cü il mаrtın 19-dа yаrаdılıb. Bu barədə də bayram şənliyində ətraflı məlumat verilib. Qeyd olunub ki, yaradıldığı dövrdən ötən müddətdə Kəngərli rayonu böyük inkişaf yolu keçib. Rayon mərkəzi də daxil olmaqla bütün kəndlərdə infrastruktur layihələri reallaşdırılıb, yollar abadlaşdırılıb, yaşıllaşdırma tədbirləri həyata keçirilib, əhalinin rifah halı yaxşılaşıb.

Tədbir iştirakçıları ilə söhbətimizdə də bu fikirlər ifadə edildi. Rayon sakini İsmayıl Hüseynquliyev bildirdi ki, Kəngərli rayonunun yaradılması muxtar respublikamızın həyatında mühüm tarixi hadisədir. Ötən müddətdə rayonda görülmüş işlər öz həcminə görə fərqlənir. Bütün kəndlərimiz abadlaşdırılıb, əhalinin rahatlığı üçün kənd və xidmət mərkəzləri tikilib, yeni yollar salınıb. Bir zamanlar boş və baxımsız ərazi kimi qalan indiki rayon mərkəzi bu gün yaraşıqlı bir qəsəbəyə çevrilib. İndi bu rayona yolu düşən hər kəs Qıvraq qəsəbəsinin gözəlliyindən, yollarımızın abadlığından ağızdolusu danışır.

Qıvraq qəsəbə sakini Fəxri Mehbalıyev qeyd edib ki, Kəngərli rayonunun ərazisi özünün qədim tarixi ilə seçilir. Buradakı yaşayış məntəqələrinin hər birində tariximizin və mədəniyyətimizin zəngin izləri var. Bu mədəniyyəti yaşatmaqla bərabər, həm də rayonun müasir inkişafı istiqamətində ötən 13 il ərzində böyük işlər görülüb. Kəngərli rayonu bu müddətdə özünəməxsus inkişаf yolu kеçərək tərəqqiyə qovuşub. Rayon mərkəzi və kəndlər yeni yanaşma prinsipi ilə qurulub. Müasir memarlıq, yüksək dizayn Kəngərlinin simasını başdan-başa dəyişib. Bu günədək rayonda yüzdən artıq obyektin açılışı olub.

Digər rayon sakini Ülkər Gülməmmədova isə deyib ki, sakinlər indiyədək görülmüş işləri yüksək qiymətləndirir, bölgədə həyata keçirilən quruculuq işlərində fəallıq göstərir, rayon iqtisadiyyatının güclənməsinə öz töhfələrini verirlər. Bütün sаhələrdə qаzаnılаn uğurlаr, əldə olunаn nаiliyyətlər əhalinin əhvаl-ruhiyyəsini dаhа dа yüksəldir, qurub-yaratmaq əzmini аrtırır.

X X X

Bayram şənliyi Şahbuzda bu il də böyük sevinclə keçirilib və yaddaqalan olub. Şahbuz muxtar respublikamızın özünəməxsus füsunkar təbiət gözəllikləri olan bölgələrindəndir. Novruzda isə bu gözəllik daha da artır. Builki bayramda havanın da gözəl keçməsi ilə bütün şahbuzlular şəhər mərkəzinə, istirahət parkına toplanıb bir-birini təbrik edir, bayramlaşıb. El ağsaqqalı Dədə Qorqudun, Bahar qızın gəlişi ilə başlanan tədbirdə bayram tonqalı yandırıldıqdan sonra rayonda fəaliyyət göstərən xalq çalğı alətləri ansamblının çıxışları olub. Ansamblın solistlərindən Həsən Qurbanovun, Nəsimi Təhməzovun və başqalarının ifasında səslənən mahnılar alqışlarla qarşılanıb.

Şahbuz milli folklor adətlərimizin yaşadıldığı rayonlardan biridir. Zirvəsi hələ də qarlı olan dağlardan əks-səda verən qara zurnanın səsi altında çıxış edən rəqs kollektivlərinin ifalarına baxmağa dəyərdi. Novruzda hamının maraqla izlədiyi Kosa və Keçəlin duzlu-məzəli söhbətlərindən sonra rayonun kəndlərində fəaliyyət göstərən folklor qruplarının çıxışları da maraqla qarşılanıb. Rayonun Badamlı, Keçili, Yuxarı Qışlaq kənd mədəniyyət evləri kollektivlərinin çıxışları rayon sakinlərində yüksək bayram əhval-ruhiyyəsi yaradıb.

Şahbuza məxsus “Üçayaq”, “Hodu-hodu”, “Çöpüdü” xalq oyunlarına Novruz bayramında tamaşa etməyin öz yeri vardır. Bu oyunlarda xalqımızın min illərdən bəri gələn adət-ənənələrinin saflığı, onların cazibəsi yaşadılır.

Şahbuz rayon uşaq-gənclər idman məktəbi şagirdlərinin güc və çeviklik nümayiş etdirən müxtəlif idman növləri üzrə nümunəvi çıxışları, qədim xalq sənətkarlığı, milli mətbəx və əl işləri sərgiləri buradakı Novruz bayramı şənliyinə yaraşıq verib. Şahbuz şəhər parkında təşkil olunmuş rəngarəng xidmətlər, milli şirniyyatlı çay süfrəsi şahbuzluların rahat istirahət edə bilmələri üçün gözəl ab-hava yaradıb.

Burada həmsöhbət olduğumuz Şahbuz şəhər sakini Təmrixa Cəbiyev Novruzu böyük sevinclə qarşıladığını deyib. Bildirib ki, ötən ildən bəri Şahbuz daha da gözəlləşib, muxtar respublikamızdakı genişmiqyaslı quruculuqdan bu rayona da böyük pay düşüb. Şəhərimizdə, ətraf kəndlərdə yeni içməli su şəbəkəsi çəkilib, rayonda yeni məktəblər, kənd mərkəzləri istifadəyə verilib, yollar salınıb. Bu ilin əvvəlində Azərbaycan Prezidentinin rayonumuza səfəri bizdə böyük sevinc yaradan hadisə olub. Bütün bunları yada salanda bu Novruzdakı sevincimiz daha da artır.

X X X

Novruz bayramı münasibətilə Sədərəkdə də bayram şənlikləri olub. Tədbirdə Sədərək rayonunun musiqi kollektivləri folklorumuzdan yadigar olan sözlü, nəğməli nümunələr ifa ediblər. Kosa, Keçəl və Bahar qızın çıxışları, rəngarəng konsert proqramı hər kəsdə bayram ovqatı yaradıb. Milli rəqslərimiz, yallılarımız, barlı-bərəkətli Novruzu, qədim diyarımızı tərənnüm edən mahnılar bayram şənliyi iştirakçılarına xoş ovqat bəxş edib.

Sonra bayram şənliyinin iştirakçıları el sənətkarlarının araya-ərsəyə gətirdikləri bir-birindən zövqlə işlənmiş xalq yaradıcılığı nümunələrindən ibarət sərgi ilə tanış olublar. Sərgidə xalq sənətinin ağacişləmə, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, daşyonma sahələrini özündə əks etdirən əl işlərinə maraq daha çox olub. Burada yerli istehsal olan müxtəlif çeşiddə şirniyyatlar, eləcə də digər qida məhsulları da sərgilənib. Bu, qısa zamanda rayonda ərzaq bolluğunun yaradılması istiqamətində görülən işlərdə böyük məsafə qət edildiyinin göstəricisi kimi diqqəti cəlb edib.

Şənlikdə rayon sakinləri ilə də görüşüb həmsöhbət olduq. Ömrünün 80 ilini geridə qoymuş kənd ağsaqqalı Teymur Quliyev dedi ki, Sədərək sakinləri bütün bayramları, eləcə də Novruz bayramını əmin-amanlıqda qarşılayır, insanlar bayram tonqalları qalayır, şənlik edirlər. Şən mahnıların səsi hətta dövlət sərhədimizdən kənara, mənfur düşmənin yaşayış məntəqələrinə qədər də gedib çıxır. İllər öncə Heydərabad qəsəbəsinin ərazisində nəinki tonqal qalamaq, hətta sərbəst şəkildə gəzməkdən belə, söhbət gedə bilməzdi. İndi isə vəziyyət başqadır. Düşmən artıq ordumuzun qüvvəsini yaxşı bilir. Bilir ki, onlar tərəfindən atılan hər hansı bir səhv addım ağır nəticələrə gətirib çıxara bilər. Bugünkü Novruz şənliyində insanların bu qədər arxayınlıqla iştirak etməsi bir daha onu göstərir ki, sədərəklilər dövlətimizin gücünə, qüdrətinə tam əmindirlər. Elə bu əminlik də rayon sakinlərini torpağa, yurda daha sıx tellərlə bağlayır, onları daha yaxşı işləməyə, Sədərəyi daha da çiçəkləndirməyə sövq edir.

Rayon sakinlərindən Vaqif Seyidov və Arif Vəliyev də bayram təəssüratlarını bizimlə bölüşdülər. Həmsöhbətlərimiz dedilər ki, sədərəklilər Novruz bayramını böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Çünki qarşıdan gələn hər ildə Sədərəkdə yeni-yeni quruculuq ünvanları yaradılır, yollar, məktəblər, bağçalar tikilir, yeni iş yerləri açılır, əhalinin gün-güzəranı yaxşılaşır. Hər bir sədərəkli göstərilən qayğıya görə dövlətimizə minnətdardır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb