DÜNYA
Novruz bayramı Qırğızıstanda dövlət səviyyəsində qeyd olunub
Bişkek, 21 mart, АZƏRTAC
Martın 21-də Bişkek şəhərinin “Ala-Too” mərkəzi meydanında, paytaxtın parklarında və respublikanın vilayətlərində Novruz bayramı münasibətilə böyük bayram şənlikləri keçirilib.
Ala-Too meydanında keçirilən dövlət tədbirində Prezident Aparatının təmsilçiləri, hökumət üzvləri, parlamentin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri, eləcə də Bişkekdə yaşayan soydaşlarınız iştirak ediblər.
Qırğızıstanın dövlət başçısı Almazbek Atambayevin Novruz bayramı münasibəti ilə təbrikini Prezident Aparatının rəhbəri Sapar İsakov oxuyub. Bildirilib ki, 2010-cu il fevralın 23-də Azərbaycan, Albaniya, Türkiyə, Əfqanıstan, Hindistan, İran, Makedoniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 21 martı Beynəlxalq Novruz Günü elan edib.
Sonra Qırğızıstan incəsənət ustalarının iştirakı ilə geniş konsert olub, milli idman yarışları keçirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek