MƏDƏNİYYƏT


Novruz bayramı Vyetnamda qeyd edilib

Hanoy, 21 mart, AZƏRTAC

Azərbaycanın Vyetnamdakı Səfirliyi və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə ölkənin ən böyük milli qoruqlarından biri olan Ba Vi milli parkında Novruz bayramı münasibətilə şənlik keçirilib.

Tədbirdə assosiasiya üzvləri, Vyetnamın dövlət və özəl strukturlarında, o cümlədən Kommunist Partiyası, parlament, Ədliyyə Nazirliyində, “PetroVietnam”, “VietsovPetro” şirkətində çalışan Azərbaycan ali təhsil ocaqlarının 150-ə yaxın məzunu, onların ailə üzvləri, KİV nümayəndələri iştirak edib.

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Novruz adət-ənənələri barədə geniş məlumat verib, Sovet İttifaqı dövründə Novruz bayramının qeyd olunmasının qadağan edilməsinə baxmayaraq, xalqımızın öz adət-ənənələrini qoruyub saxladığını, dövlət müstəqilliyi bərpa olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğı nəticəsində müstəqil və güclü ölkəmizdə hər il Novruz bayramının dövlət səviyyəsində təmtəraqla keçirildiyini diqqətə çatdırıb.

Səfir Azərbaycan dövlətinin Novruz adət-ənənələrinin qorunması ilə yanaşı, dünyada tanıdılmasına böyük önəm verdiyini vurğulayıb, bu xüsusda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini, Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT Baş Məclisində 21 martın Beynəlxalq Novruz Günü elan edilməsi ilə bağlı qətnamənin qəbul olunduğunu bildirib.

A.İmanov Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf edən bu tədbirin ölkələrimiz və xalqlarımız arasında dostluq və həmrəyliyin bariz göstəricisi olduğunu vurğulayıb.

Vyetnam parlamentinin deputatı, Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin vitse-prezidenti, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nqiem Vu Xay Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları adından Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O, vyetnamlı məzunların Azərbaycanda təhsil aldıqları zaman xalqımızın zəngin tarixi və mədəni irsi barədə geniş məlumat əldə etdiklərini bildirib, Azərbaycan xalqının sülhsevərliyinin və qonaqpərvərliyinin onlarda böyük təəssürat yaratdığını vurğulayıb.

Nqiem Vu Xay məhz bu səbəbdən illər ötməsinə baxmayaraq, vyetnamlı məzunların hər zaman Azərbaycanı sevdiklərini, həyatda qazandıqları uğurlara görə ölkəmizə borclu olduqlarını deyib.

Sonra Novruz adət-ənənələrini əks etdirən video nümayiş etdirilib, milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.

Tədbir vyetnamlı məzunların ifasında konsert proqramı ilə davam edib. Şənlik iştirakçıları tonqal ətrafında yallı rəqsini ifa ediblər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Hanoy

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.