İQTİSADİYYAT
Novruz bayramı ərəfəsində 100 vətəndaş “Kütləvi çıxarış” kampaniyasından faydalanıb
Bakı, 16 mart, AZƏRTAC
Vətəndaş məmnuniyyəti və rahatlığını daim ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi öz fəaliyyət sahəsində mütəmadi olaraq sosialyönümlü tədbirlər həyata keçirir. Bu tədbirlərin əsas məqsədi vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, qeydiyyat xidmətlərinin modernləşdirilməsi, xidmətlərin vətəndaşlara birbaşa yerlərdə çatdırılması, şəffaflıq və əlçatanlığın artırılmasıdır.
Belə tədbirlər sırasında “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri mühüm əhəmiyyətə malik olmaqla, vətəndaşlara məxsus əmlakların rahat, çevik və əlçatan üsullarla dövlət qeydiyyatına alınmasını təmin edir.
Komitədən AZƏRTAC-a bildirilib ki, bu tədbirlərin davamı olaraq, Novruz bayramı ərəfəsində daha bir yeni inşa edilmiş binanın sakinlərinə müvafiq xidmət göstərilib. Martın 16-da keçirilən növbəti “Kütləvi çıxarış” kampaniyasından Abşeron rayonunda yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin sakinləri faydalanıb. Kampaniya çərçivəsində yaşayış kompleksinin 100 sakini birbaşa öz ünvanlarında mənzillərinə dair hazır çıxarışlar əldə ediblər. Bir qrup sakinə isə komitənin əməkdaşları tərəfindən hüquqi yardım göstərilib, onların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sualları cavablandırılıb. Sənədləşdirmə zamanı müvafiq qurumlardan alınması zəruri olan sənədlər, onların əldə olunması ardıcıllığı, qeydiyyat müddətləri və digər məsələlər barədə vətəndaşlara məlumat verilib. Kampaniyanın sonunda vətəndaşlar xidmətlərin sürətli və operativ şəkildə aparılmasından razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, çoxmərtəbəli binaların mənzillərinin çıxarışla təmin olunması mühüm əhəmiyyətə malikdir. Belə ki, çıxarış verilən mənzil artıq dövlət tərəfindən qeydiyyata alınan, hüquqi zəmanətli və etibarlı əmlakdır. Belə əmlak istənilən hüquqi əməliyyatlara (alqı-satqı, girov, bağışlama və s.) rahatlıqla cəlb oluna bilir. Yeni tikilən binaların mənzillərinə çıxarış əldə etmək üçün lazım gələn sənədlərə binanın istismara qəbul aktı, protokoldan çıxarış və maliyyə arayışı daxildir. Vətəndaşlar həmin sənədləri komitənin əməkdaşlarına təqdim etməklə, birbaşa ünvanlarda, iş yerlərində hazır çıxarış əldə edə bilərlər.
“Kütləvi çıxarış” kampaniyası çərçivəsində 2017-ci ilin ilk üç ayında paytaxt və regionlarda 10-a yaxın məntəqədə vətəndaşlara xidmət göstərilib. Komitənin əməkdaşları tərəfindən paytaxtın müxtəlif rayonlarında, o cümlədən regionlarda vətəndaşların birbaşa ünvanlarında, habelə yenilik olaraq, iş yerlərində əhaliyə xidmət göstərilib. Bununla da vətəndaşlar işdən ayrılmadan, əlavə vaxt itirmədən hazır çıxarışla təmin edilib.
“Kütləvi çıxarış” kampaniyasından faydalanmaq istəyən şəxslər 148 saylı “Çağrı mərkəzi” ilə əlaqə saxlaya bilərlər. Kampaniyanın və mobil ofis xidmətinin keçirildiyi aylıq cədvəl komitənin rəsmi internet səhifəsində (https://goo.gl/xgyjyw) yerləşdirilir.