MƏDƏNİYYƏT
Novruz bayramına hazırlıq işlərinə başlanılıb
Bakı, 28 yanvar, AZƏRTAC
Xalqımızın zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə yaşadan Novruz bayramı bu il də ölkəmizdə böyük təntənə ilə qeyd ediləcək. Ənənəvi olaraq hər il mart ayının 19-da Bakıda keçirilən ümumxalq şənliyinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sədrliyi ilə geniş tərkibli müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə nazirliyin əlaqədar şöbə müdirləri, məsul əməldaşları, rayon və şəhər mədəniyyət və turizm şöbələrinin müdirləri, teatr-konsert, kino müəssisələrinin və digər aidiyyəti təşkilatların rəhbərləri, yaradıcı şəxslər iştirak edib.
Tədbirdə geniş məruzə ilə çıxış edən Ə.Vəliyev Novruz bayramının təntənə ilə qeyd olunması məqsədilə nazirlik tərəfindən müvafiq əmr imzalandığını, əlaqədar təşkilatlara və şəxslərə tapşırıqların verildiyini bildirdi. Qeyd olunub ki, xalqımızın sevimli bayramlarından olan Novruzun rəngarəng və yaddaqalan şəkildə qeyd olunması üçün təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib.
İclasda bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıqlar verilib.