ELM VƏ TƏHSİL
“Novruz mühazirələri”nin növbəti görüşü olub
Bakı, 10 mart, AZƏRTAC
“Novruz mühazirələri”nin növbəti görüşü Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Muxtar İmanovun və İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevin mühazirələri dinlənilib.
“Novruz fəlsəfəsi” mövzusunda mühazirəsində M.İmanov Novruz bayramının tarixindən, fəlsəfəsindən danışıb, Novruz çərşənbələri haqqında geniş məlumat verib. Qeyd olunub ki, Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
“Azərbaycanda informatikanın təşəkkülü və müasir vəziyyəti” mövzusunda mühazirə oxuyan T.Əliyev informasiya və hesablama texnikasının ilk element və qurğularının işlənib hazırlanması, Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafı, qazanılan nailiyyətlər barədə məlumat verib.
Alim yeni informasiya texnologiyalarının imkanlarından istifadə etməklə Azərbaycanda neft emalı, nəqliyyat, energetika, həmçinin tikinti sahələrini əhatə edən sistemlərin tədqiqi, yeni texnologiyalar əsasında hazırlanmış seysmoloji cihazların tətbiqi haqqında danışıb.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
“Novruz mühazirələri” “Elmdən təhsilə” təşəbbüsünə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.