REGİONLAR
Novxanı kənd məktəbi 80 illik yubileyini qeyd edib VİDEO
Novxanı, 26 may, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonu Novxanı kənd Mehdi Hüseynzadə adına 1 nömrəli tam orta məktəbin 80 illik yubileyi qeyd olunub. Tədbirdə rayon rəhbərliyi, təhsil işçiləri, illər öncə məktəbi bitirən məzunlar və təhsil ocağının pedaqoji kollektivi iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə məktəbin həyətində şagirdlər “Azərbaycan” mahnısının sədaları altında hərbi keçid ediblər, sonra məktəbin məzunu, karate üzrə dünya çempionu Zöhrab Əliyev Azərbaycan bayrağını dalğalandırıb.
Məktəbin akt zalında davam edən tədbirdə Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Taliyyə Mirzəyeva bildirib ki, məktəbin təməli 1937-ci ildə qoyulub. Sonralar bu təhsil müəssisəsi əsaslı yenilənib və zamanın tələbinə uyğunlaşdırılıb. Diqqətə çatdırılıb ki, hazırda məktəbdə 1.100 şagirdin təlim-tərbiyəsi ilə 90 müəllim məşğul olur. Məktəbdə təcrübəli müəllimlərin səylə çalışdıqları, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərdikləri qeyd edildi. Hər kəsin etimadını qazanmış məktəb hazırda tərəqqi və çiçəklənmə dövrünü yaşayır.
Yubiley tədbirində qeyd edilib ki, Novxanı kənd 1 nömrəli tam orta məktəbi zaman keçdikcə müasirləşib, onun maddi-texniki bazası son dövrün tələblərinə uyğun olaraq möhkəmlənib. Əvvəllər də bir çox uğurlara imza atan məktəb görülən bütün bu işlərin nəticəsində daha böyük nailiyyətlər əldə etməkdədir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova məktəbin kollektivini yubiley münasibətilə təbrik edib, uğurlar arzulayıb. Bildirilib ki, Novxanı kənd 1 nömrəli tam orta məktəbi Abşeron rayonunun nümunəvi təhsil müəssisələrindəndir. Bu məktəbin məzunları arasında tanınmış insanlar çoxluq təşkil edir. Prezident İlham Əliyevin təhsil və tədrisin təşkili ilə bağlı qarşıya qoyduğu vəzifələr bu gün məktəbin kollektivi tərəfindən uğurla icra olunur.
Ötən müddətdə xalqımızın zəngin maarifçilik ənənələrini layiqincə davam etdirən məktəb təlim-tərbiyə və tədris işinin təşkilində, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində böyük nailiyyətlər qazanıb.
Tədbirdə digər çıxış edənlər də təhsilin inkişafı istiqamətində əldə olunan uğurlardan, həyata keçirilən layihələrdən danışdılar, eləcə də şagirdlərin bərabər təhsil imkanları üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını bildiriblər. Yubiley tədbirində məktəbin məzunları da təhsil müəssisəsi ilə bağlı xatirələrini bölüşüblər.
Yubiley tədbiri şagirdlərin hazırladıqları bayram konserti ilə davam edib.