İQTİSADİYYAT
Noyabrda Bakıda II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçiriləcək
Bakı, 9 avqust, AZƏRTAC
Noyabrın 22-24-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Atılım Fuarcılık” və “Elan Expo” şirkətləri ilə birgə Bakı Expo Mərkəzində II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisini ("Azerbaijan International Real Estate & Investment Exhibition" (RECEXPO)) keçirəcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın ən geniş, əhəmiyyətli daşınmaz əmlak və investisiya sərgisi olan “RecExpo II” beynəlxalq inşaat, daşınmaz əmlak şirkətləri tərəfindən öz layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır.
Əsas məqsəd Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş olunması, habelə onların özəlləşdirmə prosesinə cəlb edilməsidir. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Sərginin iştirakçı siyahısına daşınmaz əmlakı inkişaf etdirən şirkətlər, daşınmaz əmlak satışı ilə məşğul olan firmalar, banklar, iri investorlar, səfirliklər, yerli və xarici şirkət nümayəndələri daxildir. Sərgi, həmçinin əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə əlverişli imkanlar yaradacaq.