REGİONLAR
Noyabrın 17-si milli mənlik şüurunun oyanış günüdür
Naxçıvan, 16 noyabr, AZƏRTAC
1988-ci il noyabrın 17-də Bakı şəhərinin indiki Azadlıq meydanında sovet imperiyasına qarşı baş qaldıran ilk kütləvi etiraz dalğası Azərbaycan xalqının müqəddəs amal uğrunda birləşməyə, bütövləşməyə qadir xalq olduğunu bir daha göstərib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş elmi konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu barədə danışıb.
Naxçıvanın daim milli azadlıq mücadiləsinin ön cərgəsində yer aldığını vurğulayan Saleh Məhərrəmov bildirib ki, 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I sessiyası keçirilib. Həmin sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ müzakirə olunub. Müzakirələr zamanı “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” qərarlar qəbul edilib. Beləliklə, Ümummilli Liderin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə dövlət bayrağı kimi qaldırıldığı gün - noyabrın 17-si hər il Naxçıvan Muxtar Respublikasında əhəmiyyətli tarixi gün kimi qeyd edilir. Həm də bu mənada noyabrın 17-si ölkəmizin tarixinə çox əlamətdar günlərdən biri kimi daxil olub.
“Azərbaycan tarixi” kafedrasının dosenti Elçin Zamanov “Milli mənlik şüurunun oyanış günü: 17 Noyabr - Milli Dirçəliş Günü” adlı məruzəsində XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş verən ictimai-siyasi proseslərin Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar açdığını bildirib.
Qeyd olunub ki, həmin illərdə Ermənistanda və Dağlıq Qarabağda azərbaycanlılara qarşı aparılan soyqırımı sovet ordusu tərəfindən dəstəklənib. Azərbaycanın o zamankı rəhbərliyi xalqın və vətənin mənafeyini müdafiə etmək əvəzinə, Moskvadan gələn tapşırıqları yerinə yetirib. Belə bir ağır zamanda Azərbaycan xalqı ədalətsizliklərlə, ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayaraq noyabrın 17-də ayağa qalxıb. Həmin günlərdə “Meydan hərəkatı” adını almış bu hadisə milli şüurun oyanışının bariz nümunəsi idi. Keçmiş sovet rəhbərliyinin bütün səylərinə baxmayaraq, xalqın mübarizə əzmini qırmaq mümkün olmayıb və Azərbaycan yenidən öz müstəqilliyinə qovuşub. 17 noyabr isə Milli Dirçəliş Günü kimi tarixə qızıl hərflərlə yazılıb.