İQTİSADİYYAT


Noyabrın 1-dən avtonəqliyyat vasitələri üzrə standart və sərhəd sığorta müqavilələri elektron qaydada bağlanılacaq

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyi rəhbər tutaraq bu Qanunun 50-3-cü maddəsinin tələbinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə standart və sərhəd sığorta müqavilələri “Elektron imza və elektron sənəd haqqında “ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanılmalıdır.

Noyabrın 1-dən etibarən avtomobillər üçün yeni icbari sığorta müqavilələri kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev oktyabrın 21-də keçirdiyi mətbuat konfransında söyləyib.

E.Quliyev bildirib ki, noyabrın 1-dək informasiya sistemi vasitəsilə bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək sığorta təminatına daxildirlər.

Qeyd edilib ki, vətəndaşlar elektron sığorta müqaviləsini avtomobillərinin qeydiyyat şəhadətnaməsini və şəxsiyyət vəsiqəsində olan məlumatları seçdiyi sığorta şirkətinə və ya sığorta vasitəçisinə təqdim etməklə və ya sığortaçı öz internet səhifəsində onlayn satışı təşkil edərsə birbaşa elektron sığorta müqaviləsini əldə edə biləcəklər. Daha sonra bağlanılacaq sığorta müqaviləsi üzrə sığortalıya sığorta haqqının ödənilməsi üçün sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə 9707 qısa nömrəsindən ödəniş kodu qeyd olunmuş SMS daxil olur. Sığortalı elektron poçt ünvanını təqdim etdiyi halda SMS ilə bərabər ödəniş kodu məlumatı sığortalının elektron poçt ünvanına da göndərilir. SMS məlumat və elektron məktubda avtomobilin dövlət qeydiyyat nişanı və ödəniş kodu, həmçinin sığortaçının adı qeyd olunur. Sığorta haqqı ödənildikdən sonra sığortalı ödənişlə bağlı təsdiqləyici SMS alacaq və sığorta müqaviləsi dərhal qüvvəyə minəcək. Sığorta haqqı ödənilmədiyi təqdirdə sığorta müqaviləsi qüvvəyə minməyəcək.

Bildirilib ki, elektron sığorta müqaviləsi üzrə sığorta haqqı nağd qaydada ödənildikdən sonra qüvvəyə minəcək.

Sığorta haqqının ödənilməsi bank, poçt, bank ödəmə terminalı vasitəsilə Hökumət Ödəniş Portalı üzərindən aparılır və ödəniş kodu ilə yanaşı sığortalının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN parametrləri ilə də həyata keçirilə bilər.

Elektron sığorta müqaviləsi qüvvəyə mindiyi an sığortalının mobil telefon nömrəsinə təsdiqedici məlumat göndərilir. Təsdiqləyici SMS məlumatlandırma yalnız büronun 9707 qısa nömrəli SMS xidməti vasitəsilə aparılır. Sığortalılar sığorta müqaviləsinin bağlanılması zamanı mobil telefon nömrələrinin müqavilədə düzgün göstərilməsini sığortaçıdan tələb etməlidir. Büronun internet səhifəsindən http://services.isb.az elektron sığorta müqaviləsinin etibarlı olmasını yoxlamaq mümkündür.

Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçid ilə əlaqədar büronun elektron informasiya sistemində müvafiq texniki proqram tədbirləri həyata keçirilib və noyabrın 1-dən informasiya sistemi yenilənəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.