MƏDƏNİYYƏT


Noyabrın 22-si Fikrət Əmirovun doğum günüdür

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun doğum günüdür.

Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb.

Fikrət Əmirov Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alıb, 1939-cu ildə isə Bakı Konservatoriyasına daxil olub. Burada o, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.

Onun diplom işi “Ulduz” operası olub. Sonra “Nizaminin xatirəsinə” simfoniyasını, “Şur” və “Kürd ovşarı” simfonik muğamlarını, “Sevil” operasını yazıb. 1942-1945-ci illərdə Fikrət Əmirov filarmoniya orkestrinin bədii rəhbəri və Gəncə musiqi məktəbinin direktoru, 1946-1947-ci illərdə Bakı simfonik orkestrinin rəhbəri, 1956-1959-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, SSRİ Bəstəkarlar İttifaqının Azərbaycan bölməsinin katibi olub.

Fikrət Əmirov müxtəlif janrlarda əsərlər yazıb. Onun “Azərbaycan kapriççiosu”, “Gülüstan-Bayatı-Şiraz”, “Nəsimi əfsanəsi” kimi simfonik əsərləri daha populyardır.

Öz yaradıcılığında Azərbaycan muğamlarından bəhrələnmiş bəstəkar improvizə və variasiya üsullarından istifadə etməklə sanballı polifonik əsərlər yaradıb.

Fikrət Əmirov bir sıra məşhur mahnıların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Həyatının son illərində F.Əmirov balet sənəti sahəsində daha çox işləyib.

1973-cü ildə o, “Nəsimi dastanı” baletini, 1979-cu ildə isə Şərq nağılları motivləri əsasında “Min bir gecə” baletini yazıb. Bu balet sənətkara böyük şöhrət qazandırıb. Fikrət Əmirovun sonuncu irihəcmli əsəri “Nizami” baleti olub.

Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış F.Əmirov bir çox fəxri adlara və mükafatlara layiq görülüb.

Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.