İQTİSADİYYAT


Noyabrın 29-da keçiriləcək hərraca daha 98 dövlət əmlakı çıxarılıb

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən noyabrın 29-da keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca, ümumilikdə 98 dövlət əmlakı olmaqla, 25 səhmdar cəmiyyəti, 58 kiçik dövlət müəssisə və obyekti, 15 nəqliyyat vasitəsi çıxarılıb.

Komitədən AZƏRTAC-a bildirilib ki, hərracda əmlak sahibi olmaq istəyən hər kəs iştirakçı statusu qazanmalıdır. Bundan ötrü komitənin elektron xidmətlər portalı vasitəsilə sifariş verib, əmlakın satış qiymətinin 10 faizi məbləğində behin ödənilməsi yetərlidir. Qeyd edək ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərraca çıxarılan 58 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı-ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Sabunçu, Qaradağ, Xəzər, Binəqədi rayonları, Gəncə, Mingəçevir və Sumqayıt şəhəri, habelə Abşeron, Göyçay, Saatlı, Tovuz, Kürdəmir, İmişli, Quba, İsmayıllı, Şəki və Masallı rayonlarında yerləşir.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 624 min manata olan qeyri-yaşayış binasıdır. Nəsimi rayonu, Bülbül prospektində yerləşən daşınmaz əmlakın torpaq sahəsi 474,8 kvadratmetr, tikili sahəsi isə 255,5 kvadratmetrdir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 450 min manata Səbail rayonunda qeyri-yaşayış sahəsi, 300 min manata Qaradağ rayonunda Anbar, 386 min manata Sumqayıtda “Laçın” restoranı da var. Ən aşağı ilkin hərrac qiyməti isə Göyçayda yerləşən sahəsi 80,8 kvadratmetr olan qeyri-yaşayış sahəsinə məxsusdur. Belə ki, bu əmlak 4 min manat start qiyməti ilə təklif olunur.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələrindən 8-i, kiçik müəssisələrdən 12-si paytaxtda, qalanları isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşir.

Budəfəki hərracda 25 səhmdar cəmiyyətin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağcabədi Aqrotexservis”, “Kürdəmir Kəndkimya”, “Lənkəran Broyler”, “Masazır Quşçuluq”, “Tovuz Məişət”, “Ucar İnşaat Xidmət”, “Zabrat Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətləri var. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0.5 manatdan 2 manata qədərdir.

Hərraclar hazırda daha rahat və açıq şəraitdə keçirilir. İstənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.