SİYASƏT


Nüfuzlu “El Peruano” qəzetində Azərbaycan haqqında məqalə dərc olunub

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Perunun çoxsaylı oxucu kütləsinə malik “El Peruano” qəzetində Azərbaycan haqqında “Müstəqillikdə 25 il” adlı məqalə dərc edilib.

Azərbaycanın Peruda diplomatik nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunan məqalədə müasir ölkəmizin 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olub. Cəmi 18 ay ömrü olsa da Azərbaycan Xalq Cümhuriyyəti o dövrdə öz demokratik prinsiplərinə görə bir sıra Avropa dövlətlərini qabaqlayıb, respublika parlamenti qadınlara kişilərlə eyni hüquq bərabərliyi verib.

Məqalədə yazılıb ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra ötən 25 il ölkədə suverenliyin və müstəqilliyin bərpası uğrunda mübarizə, dərin dəyişikliklər, dövlət quruculuğu, iqtisadi inkişaf və beynəlxalq aləmə inteqrasiya dövrü olub. Bu gün Azərbaycanın beynəlxalq arenada fəal iştirakçı kimi daha nüfuzlu mövqe qazandığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycan energetika, nəqliyyat, informasiya texnologiyaları, rabitə və digər sahələrdə iri layihələrin həyata keçirilməsinin əsasını qoyanlardan biridir və dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan multikultural dəyərlərə malik, mədəniyyətlər arasında körpü rolu oynayan, beynəlxalq dialoqların inkişafına təsir göstərən, ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində vasitəçilik edən ölkədir.

Yazıda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının qərarları Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan tərəfi hələ də buna məhəl vermir. Son iyirmi ildə münaqişənin sülh yolu ilə həll edilməsi uğrunda beynəlxalq birliyin bütün səylərinə baxmayaraq, vəziyyət dəyişməz qalır. Qeyd edilib ki, Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həllinə çalışır. Azərbaycan ümid edir ki, beynəlxalq birlik Ermənistanın hazırkı siyasətini adekvat qiymətləndirəcək və ədaləti bərpa etmək uğrunda, gələcəkdə belə faciələrin baş verməməsi üçün qəti və səmərəli tədbirlər görəcək.

Məqalədə yazılıb ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən xarici siyasəti və bunu uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə respublika Şərq ilə Qərb arasında körpü rolu oynayır.

Sonda vurğulanıb ki, müstəqilliyinin 25 illiyini qeyd edən Azərbaycan Respublikası iqtisadi siyasət, sosial sabitlik, inkişaf etmiş beynəlxalq və mehriban qonşuluq münasibətləri sayəsində sabit, multikulturalist, sülh və əmin-amanlıq şəraitində inkişaf edən müasir ölkə kimi tanınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.