REGİONLAR
“Nuh Yurdu” intellektual oyunu üzrə Kəngərli rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Kəngərli, 31 oktyabr, AZƏRTAC
Kəngərli rayon Mədəniyyət evində “Nuh Yurdu” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın açılışında çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev intellektual oyunun keçirilməsinin məqsədindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Səkkiz komandanın iştirak etdiyi birincilik iki əsas mərhələdən və finaldan ibarət olub.
Finalda Qıvraq qəsəbə, Xok, Şahtaxtı və Qarabağlar kənd tam orta məktəblərinin müvafiq olaraq, “Möminə xatın”, “Araz”, “Şahtaxtı” və “Kəngərli” komandaları yarışıblar. Yekunda “Möminə xatın” komandası birinci yeri tutub. “Araz” komandası ikinci, “Şahtaxtı” kollektivi isə üçüncü yerə layiq görülüb.
Qaliblərə diplom, fəxri fərman və kuboklar təqdim olunub.
Birincilik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, muxtar respublikanın Gənclər və İdman, eləcə də Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.