REGİONLAR
“Nuh yurdu” intellektual oyunu üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 10 noyabr, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Nuh yurdu” intellektual oyununun Naxçıvan Muxtar Respublika üzrə zona birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev çıxış edərək intellektual oyunun keçirilmə məqsədlərindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Zona birinciliyində muxtar respublikanın şəhər və rayon birinciliklərində qalib olan komandalar iştirak edib.
Birincilik iki əsas, bir final mərhələsindən ibarət olub. Finalda Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin “Nuh yurdu” komandası, Şahbuz rayon Kolanı kənd tam orta məktəbinin “Zəka” komandası, Kəngərli rayon Xok kənd tam orta məktəbinin “Möminə Xatın” komandası, Culfa şəhər 3 nömrəli tam orta məktəbinin “Odlar yurdu” komandası iştirak edib.
Oyunun nəticələrinə görə, I yerə “Zəka” komandası, II yerə “Möminə Xatın” komandası, III yerə isə “Odlar yurdu” komandası layiq görülüb.
Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və kuboklar təqdim olunub.
Zona birinciliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.