REGİONLAR
“Nuh yurdu” intellektual oyununun qalibləri mükafatlandırılıb
Naxçıvan, 20 iyul, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclər arasında “Nuh yurdu” intellektual oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun məsləhətçisi Qabil Vəliyev çıxış edərək, oyunun qaydaları haqqında geniş məlumat verib, iştirakçılara uğurlar arzulayıblar.
Səkkiz komandada 5 nəfərin iştirak etdiyi oyun 2 mərhələ və 1 finaldan ibarət olub. Yekun nəticəyə əsasən, “Zirvə”, “Savalan”, “Odlar yurdu” və “Aypara” komandaları finala vəsiqə qazanıblar. Finalda “Odlar yurdu” komandası qalib gəlib. “Zirvə” komandası ikinci, “Savalan” komandası isə üçüncü yerə layiq görülüblər.
Qaliblər təşkilatçılar tərəfindən fəxri fərman, diplom və kuboklarla mükafatlandırılıblar.
Qeyd edək ki, “Nuh yurdu” intellektual oyunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.