MƏDƏNİYYƏT
“Nuh yurdunun rəngləri” Bakıda
Bakı, 20 iyun, Ceyhun Alışlı, AZƏRTAC
İyunun 20-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda tanınmış rəssam - Naxçıvanın Əməkdar Rəssamı Həbibə Allahverdiyevanın “Nuh yurdunun rəngləri” adlı fərdi rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində akademik İsa Həbibbəyli sərginin əhəmiyyətindən danışıb. O deyib: “Həbibə Allahverdiyeva rəssamlıq sənətində realist-romantik üslubda əsərlər yaradan istedadlı fırça ustasıdır. Onun əsərlərində həyatın obyektiv dərkini, real mənzərəsini görmək mümkündür. Rəssamın əsərləri tünd rənglərlə ağ rənglər arasındakı mənzərəni, çaları özündə əks elətdirir. O, həm təbiətdəki, həm də insandakı zərifliyi bütün parlaqlığı ilə tərənnüm etməyi bacarır. H.Allahverdiyeva sənətin ümumi mənzərəsində rəngdən-rəngə, əsərdən-əsərə fırçanın istiqamətini dəqiqləşdirən rəssamlardandır. Eyni zamanda, özünüifadəni fırçanın dili ilə canlandırmağı bacaran sənətkarlardandır. Onun özü də çəkdiyi rəsmlərə bənzəyir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, o, Azərbaycanda realist-romantik üslubun orijinallığının içində olan rəssamlardandır. Ümid edirəm ki, H.Allahverdiyeva gələcəkdə daha parlaq işlərə imza atacaq”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və Naxçıvan Rəssamlar İttifaqının sədri, Əməkdar Rəssam Ülviyyə Həmzəyeva çıxış edərək rəssamın özünəməxsus yaradıcılıq üslubunu, əsərlərinin orijinallığını vurğulayıblar.
Qeyd olunub ki, H.Allahverdiyeva əsərlərində quruluş və kompozisiyalara diqqət yetirməklə yanaşı, janr və mövzunu da mükəmməl şəklə salmağı bacarır. Rəssam yaradıcılığında qrafika, mənzərə, portret, natürmort janrlarına, tematik şəkillərə üstünlük verir. Onun əsərləri məna və mövzu dolğunluğu ilə diqqəti cəlb edir.
Sonra qonaqlar sərgiyə baxıblar.
Bir həftə davam edəcək sərgidə rəssamın 80-dək əsəri nümayiş olunur.