İQTİSADİYYAT
Nurəddin Butarfe: Sazişin müddətinin daha doqquz ay uzadılmasına dair razılığa gəlindiyini düşünürəm
Bakı, 24 may, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatı və (OPEC) və müttəfiqləri neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması haqqında qərar verməyə yaxındırlar.
AZƏRTAC “bloombeg.com”a istinadla xəbər verir ki, bunu Əlcəzairin enerji naziri Nurəddin Butarfe deyib.
“Mövcud vəziyyətdə sazişin müddətinin doqquz ay müddətinə uzadılmasına dair razılığa gəlindiyini düşünürəm. Lakin, hələ də yeni təkliflər ortaya çıxa bilər”, - deyə nazir bildirib.
Neftin qiymətini dəstəkləmək və iqtisadiyyatlarını canlandırmaq istəyən OPEC və kartel ilə birgə hərəkət edən digər istehsalçılar hasilatın azaldılması üzrə sazişin müddətini daha doqquz ay uzadılması üzrə razılığa gələ bilər.
24 ölkənin nümayəndələri mayın 25-də Vyanada toplaşaraq OPEC və təşkilata daxil olmayan 11 ölkənin neft hasilatının azaldılması üzrə əldə etdiyi sazişin müddətinin uzadılmasını müzakirə edəcək. Azərbaycanın energetika naziri Natiq Əliyev də həmin iclasda iştirak edəcək.
Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.