Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Nurəddin Mustafayev: İcra xidmətində qanunçuluğun möhkəmləndirilməsi bu sahədə işin səmərəliliyinə müsbət təsir göstərib

Nurəddin Mustafayev: İcra xidmətində qanunçuluğun möhkəmləndirilməsi bu sahədə işin səmərəliliyinə müsbət təsir göstərib

Bakı, 24 iyul, AZƏRTAC

Xəbər verdiyimiz kimi, bu günlərdə Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib. Bununla əlaqədar insan hüquqlarının təmin edilməsində, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edən məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində mövcud vəziyyət və çətinliklər, aparılan islahatlar və qarşıda duran məqsədlər barədə Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - baş icra məmuru baş ədliyyə müşaviri Nurəddin Mustafayev AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

– Hörmətli Nurəddin müəllim, ilk öncə məhkəmə qərarlarının icrasına bilavasitə rəhbərlik edən baş icra məmuru kimi, bu sahənin əhəmiyyəti barədə oxuculara məlumat verməyinizi istərdik.

– Çox sağ olun. Fikrimcə, insan hüquq və azadlıqlarının təmin edilməsində məhkəmə qərarlarının icrası qədər vacib və əhəmiyyətli olan sahələr çox azdır. Məhkəmə icraatının davamı və son mərhələsi olan məhkəmə qərarlarının icrası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulandığı kimi, ədalət mühakiməsinin tərkib hissəsidir. Hüququn bərpası, ədalətin təntənəsi məhz qərarın icrası anında tamamlanır və həmin anda haqq sahibində daxili bir razılıq və könül xoşluğu yaradır. Ona görə də bu sahə əhəmiyyətli və məsuliyyətli olduğu qədər, qərarların icrasına nail olmağın faydası və mənəvi zövqü də böyükdür.

İcra icraatını bilavasitə həyata keçirən Ədliyyə Nazirliyinin İcra xidmətinin əsas fəaliyyəti vətəndaşların hüquqlarının bərpa olunmasını, qərarların icrasını vaxtında və dürüst təmin etməkdir. Bu, olduqca məsuliyyət və operativlik tələb edir. Çünki əhalinin məhkəmələrə inamının təzahürü olaraq baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin həddindən çox artmasına səbəb olub. Təkcə ötən il ərzində yerli icra qurumlarının icraatında olan icra sənədlərinin sayı 712 mini ötüb, bu ilin birinci yarısında isə 695 minə çatıb. Bu, olduqca böyük rəqəmdir və mən deyərdim, arzuolunmazdır. Doğrudur, bunun bir sıra obyektiv səbəbləri, eyni zamanda, məhkəmə mübahisələrinin çoxluğunun müsbət tərəfləri vardır – vətəndaşların məhkəmələrə inamının artması, aralarındakı mübahisələri məhz bu müstəvidə, mədəni səpkidə həll etməyə üstünlük vermələri kimi. Bununla belə son dövrlər məhkəmə işlərinin, dolayısı ilə icra sənədlərinin kəskin artması iqtisadi mübahisələrlə bağlı olur. Təsadüfi deyil ki, icraatda olan icra sənədlərinin böyük bir qismi kredit mübahisələri ilə əlaqədardır. Buna baxmayaraq, İcra xidməti olaraq üzərimizə düşən vəzifə, sözsüz ki, qərarların icrasını təmin etməkdir. Ona görə də bu sahədə işin səmərəli qurulması, elmi texniki nailiyyətlərin tətbiqi daim diqqət mərkəzində saxlanılır.

- İcra işinin yaxşılaşdırılması istiqamətində nə kimi islahatlar aparılır?

– Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işi yenidən qurulub, ilk növbədə, icra xidmətinin fəaliyyəti və strukturu təkmilləşdirilib, Konstitusiyada məhkəmə qərarlarının icra edilməməsinə görə məsuliyyət təsbit olunub, qanunvericilik əsaslı şəkildə yenilənərək təsirli icra mexanizmləri yaradılıb, icra məmurlarının səlahiyyətləri genişləndirilib, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyaları sərtləşdirilib.

Eyni zamanda, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması mexanizmi təkmilləşdirilərək, insan hüquqlarının təmin olunması baxımından qadağanın daha çevik götürülməsi məqsədilə icra xidmətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi quraşdırılıb. Bununla bağlı nazirliyin internet saytında elektron xidmət fəaliyyət göstərir.

Onu da xüsusi qeyd etmək lazımdır ki, dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrası vəziyyəti Azərbaycan Prezidentinin daim nəzarətindədir. Bu məsələ ilə bağlı hər altı aydan bir müvafiq hesabatın dövlətimizin başçısına təqdim olunması icra prosesi iştirakçılarının məsuliyyət hissinin artırılmasına xidmət edərək müsbət nəticəsini verir.

Ümumiyyətlə, bu sahədə işin müasir tələblər səviyyəsində qurulması, təcrübədə meydana çıxan çətinliklər, mövcud iş yükünün azaldılması istiqamətində mühüm addımlar atılır, beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik daim təkmilləşdirilir, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması məqsədilə elektron icra sisteminin tətbiqi üzrə əməli tədbirlər görülür.

Ötən ilin sonunda “İcra haqqında” Qanuna dəyişikliklər edilməklə məhkəmələr və icra qurumları arasında iş yükü bölgüsünə yenidən baxılıb, icra olunmuş icra sənədləri üzrə icraata xitam verilməsi və dayandırılması səlahiyyətlərinin icra məmurlarına verilməsi ilə bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib.

Bundan əlavə, icra məmurları tərəfindən qanunçuluğa, etik davranış qaydalarına riayət olunması, insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə daim həssaslıqla yanaşılması, korrupsiyanın yolverilməzliyi fəaliyyətimizin əsas rəhbər prinsipləridir.

Ötən bir ildə icra xidmətində qanunçuluğun möhkəmləndirilməsi, əmək və icra intizamına diqqətin artırılması, tələbkarlığın və nəzarətin gücləndirilməsi, hər bir icra məmurunun fəaliyyətinin fərdi olaraq qiymətləndirilməsi bu sahədə işin səmərəliliyinə müsbət təsir göstərib.

Statistikaya nəzər yetirsək görərik ki, ötən il görülmüş kompleks tədbirlər nəticəsində əvvəlki illə müqayisədə 34 faiz çox – 300 mindən artıq işin icrasına nail olunub, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı təxminən 3 dəfə çox – 560 milyon manatadək vəsait ödətdirilib.

Bu sahədə göstəricilər cari ildə də artan templə davam edib, altı ay ərzində icrası təmin edilən işlərin sayı 54 faiz artaraq 288 mini ötüb.

Sözsüz ki, məhkəmə qərarlarının icrasının təmin olunması vətəndaş məmnunluğu doğurur. Lakin unutmaq olmaz ki, icra icraatında çıxış edən tərəflərdən birinin narazı olduğu hallar da mövcuddur. Belə ki, şikayətlərin böyük əksəriyyəti əsassız olmaqla bir çox hallarda bilavasitə icra məmuru ilə deyil, qarşı tərəfin hərəkətləri ilə bağlı olur.

Bununla belə vətəndaşın nə cür düşünməsindən asılı olmayaraq, onun müraciətlərinə nazirlik tərəfindən daim xüsusi həssaslıqla yanaşılır, hər bir müraciət diqqətlə öyrənilir, onun qanunamüvafiq və operativ qaydada həlli üçün konkret tədbirlər görülür. Eyni zamanda, vətəndaşlar mütəmadi nazirlikdə qəbul olunurlar, həmçinin səyyar, virtual qaydada qəbullar təşkil edilir.

Qeyd olunmalıdır ki, ötən bir ildə həyata keçirilən məqsədyönlü tədbirlərin, vətəndaşların yerlərdə müraciətlərinə və qəbulu işinə göstərilən diqqətli münasibətin nəticəsidir ki, nazirliyə qəbula gələn vətəndaşların sayında xeyli azalma müşahidə olunur, icra işi ilə bağlı müraciətlərin sayı da icraatda olan işlərin sayı kontekstində xeyli azalıb. Məsələn, cari il icraatda 700 minə qədər iş olduğu halda, daxil olan şikayətlərin sayı böyük əksəriyyəti dublikat olmaqla 9335 təşkil edib. Başqa sözlə, barəsində şikayət edilən işlərin sayı bütün işlərin heç 1 faizinə çatmır. Yəni, bu qədər işin müqabilində bu sayda müraciətin olması başa düşüləndir. Amma təbiidir ki, bu, bizi qətiyyən arxayın etmir, insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə vaxtında və dürüst baxılması hər bir icra məmurunun ümdə vəzifəsidir.

Onu da əlavə etmək lazımdır ki, məhkəmə qərarlarının icrasına arzuedilən səviyyədə nail olunması vətəndaşlarda hüquq düşüncəsinin formalaşdırılmasından bilavasitə asılıdır. Bu istiqamətdə icra xidməti kütləvi informasiya vasitələrindən istifadə edərək maarifləndirici verilişlər yayır. Hər həftənin şənbə günü İctimai Televiziyada və bazar ertəsi günü İctimai Radioda yayımlanan “Qanundan kənar” verilişinin “İcra məmuru” rubrikasında İcra xidmətinin fəaliyyəti ilə bağlı ətraflı məlumatlar verilir.

– İcra xidmətinin kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir İKT-nin, elektron xidmətlərin tətbiqi barədə nə deyə bilərsiniz?

– Şübhəsiz ki, işin səmərəli təşkil olunması, qarşıda duran vəzifələrin və funksiyaların uğurla yerinə yetirilməsi, ilk növbədə, mənəvi cəhətdən saf, müasir dünyagörüşünə malik, yüksək bilikli və hazırlıqlı kadrların sayəsində mümkündür. Ədliyyə orqanlarının, o cümlədən icra xidmətinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması da kadrlarla işin təşkilindən, onların düzgün seçilməsindən çox asılıdır.

Təsadüfi deyil ki, icra xidmətinin layiqli kadrlarla komplektləşdirilməsi məqsədilə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən müsabiqələr nəticəsində uğur qazananların 60 faizi, əksəriyyəti gənclər olmaqla məhz icra qurumlarına təyin olunublar. Bununla yanaşı, fəaliyyətində ciddi qanun pozuntularına, o cümlədən vətəndaşların haqlı narazılıqlarına səbəb olan neqativ hallara görə xidmətin bəzi əməkdaşları ciddi cəzalandırılıb, o cümlədən ədliyyə orqanlarından xaric ediliblər.

Eyni zamanda, ötən il yerli icra qurumlarında rəhbər işçilərin rotasiyası üzrə tədbirlər görülərək İcra baş idarəsinin təcrübəli əməkdaşları həmin qurumlara rəhbər vəzifələrə təyin olunub, vəzifədə irəli çəkilməsi nəzərdə tutulan digər əməkdaşlar baş idarənin fəaliyyətinə cəlb olunaraq peşəkarlığı yoxlanılmaqla təyinatları aparılıb.

Kadrların peşəkarlığının artırılması məqsədilə, həmçinin Ədliyyə Akademiyasında mütəmadi təlimlər və ixtisasartırma kursları təşkil edilir, qabaqcıl beynəlxalq təcrübələrə yiyələnmək üçün xarici ölkələrə ezam olunurlar.

Həmçinin yerli qurumlara müntəzəm olaraq, əməli köməklik göstərilir. Bu məqsədlə ötən il "İcra haqqında" Qanunun Kommentariyası hazırlanıb. Qanunun tətbiqi ilə bağlı yaranan nəzəri və praktiki məsələlərin ətraflı şərhində və mövcud boşluqların aradan qaldırılmasında mühüm töhfə olan Kommentariya hər bir icra məmurunun stolüstü kitabına çevrilib.

Xidmətin infrastrukturunun müasirləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə də ardıcıl tədbirlər görülür. Əvvəllər əlverişsiz binalarda fəaliyyət göstərən bir sıra məhkəmələr üçün dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində yeni, müasir binaların və komplekslərin inşa olunaraq istifadəyə verilməsi ilə, həmçinin müvafiq icra qurumları üçün də yüksək tələblərə uyğun müasir iş şəraiti yaradılıb. Eyni zamanda, bəzi icra qurumlarının binaları əsaslı təmir edilərək bütün texniki avadanlıqla təchiz olunmaqla istifadəyə verilib, qurumların böyük hissəsi avtonəqliyyat vasitələri ilə təmin edilib.

İcra xidmətinin maliyyələşməsində mühüm rol oynayan və tələbi könüllü icra etməyən borclulardan tutulan icra ödənişlərinin müəyyən hissəsinin hesabına formalaşan İcra məmurlarının Xüsusi Fondu xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsinə geniş imkan verir.

Fondun vəsaitlərindən, həmçinin icra məmurlarının həvəsləndirilməsində istifadə olunur. Bu zaman əsas meyar icra məmurunun işi fərdi qiymətləndirilməklə səmərəli fəaliyyəti, icra işlərinin yerinə yetirilməsi faizi, barəsində edilən şikayətlərin sayı nəzərə alınır. Bu, icra məmurlarında stimul yaratmaqla, icra işinin keyfiyyətinə müsbət təsir göstərir.

İcra işinin səmərəliliyinin yüksəldilməsində müasir İKT-nin, innovativ xidmətlərin rolu da danılmazdır. Bu mənada məhkəmə fəaliyyətinin elektronlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması və bu sistemin mühüm tərkib hissəsi olan "Elektron icra"nın tətbiqi xüsusilə qeyd olunmalıdır.

“Elektron icra”, ən sadə şəkildə ifadə etsək, kağız üzərindəki icraatın elektron formata köçürülməsi, zəruri icra hərəkətlərinin onlayn rejimdə, avtomatlaşdırılmış qaydada aparılmasıdır. Bu sistemin tətbiqi məqsədilə icra qurumları zəruri texniki avadanlıqlarla təmin edilib, icra xidməti əməkdaşlarının informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının artırılması ilə bağlı təlimlər keçirilib.

Cari ilin əvvəlindən bütün icra qurumlarına daxil olan icra sənədlərinin qeydiyyatı "Elektron icra" sistemi vasitəsilə aparılır. Həmçinin bu sistemin tətbiqi ilə icra işlərinə vahid qeydiyyat nömrəsinin verilməsi, işlərin icra məmurları arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılması, tərəflərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılması, işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olunması, borcluların əmlak vəziyyətinin elektron icra xidmətinə inteqrasiya olunmuş dövlət qurumlarının elektron bazası vasitəsilə yoxlanılması, icra sənədi üzrə tərəflərin icraat materialları ilə tanış olmaq hüququndan yararlanması, statistik hesabatların səhih və avtomatlaşdırılmış şəkildə tərtib edilməsi, icra icraatı prosesində, eləcə də cəzaların icrası və məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə bağlı icra məmurları tərəfindən istifadə olunan prosessual sənədlərin avtomatlaşdırılmış şəkildə tərtib olunması, icra məmurlarının fəaliyyətinin fərdi qaydada qiymətləndirilməsi, elektron imzanın tətbiq edilməsi, habelə icra məmurlarının fəaliyyətinə nəzarətin gücləndirilməsi imkanı yaranıb.

Göründüyü kimi, bu sistemin faydaları olduqca çoxdur. Sistem icra xidmətinin ağır iş yükünü yüngülləşdirir, icra tədbirlərinin vaxtında, dəqiq və asanlıqla görülməsini, qanuni müddətlərə riayət olunmasını təmin edir. Eyni zamanda, icra məmurlarının fəaliyyətinə nəzarəti təmin etməklə onlarda intizamı möhkəmləndirir. Sui-istifadəyə şərait yarada bilən hallar bu sistemin tətbiqi ilə avtomatik şəkildə aradan qalxır.

Bu sahədə tədbirlər davam olunmaqdadır, "elektron icra" sisteminin bir sıra yeni komponentlərinin tətbiqi, o cümlədən hər bir icraat iştirakçısının tərəf olduğu işlə bağlı bütün məlumatları elektron qaydada əldə etmək imkanlarının yaradılması üzrə işlər görülür. Yaxın gələcəkdə bu imkanın həm Ədliyyə Nazirliyinin elektron xidmətlər bölməsi, həm də "Elektron hökumət" portalı vasitəsilə təmin edilməsi nəzərdə tutulur.

Nazirliyin elektron xidmətlər bölməsi vasitəsilə vətəndaşlar icra xidmətinin bir sıra fəaliyyət istiqamətləri, o cümlədən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, icra qurumları, onlar tərəfindən hərraca çıxarılan əmlaklar, eləcə də dəyəri 5 min manatdan artıq olmayan daşınar əmlakın satışı üzrə ticarət şəbəkələri barədə məlumat almaq imkanına malikdirlər. Həmçinin borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin elektron qaydada ödənilməsi mümkündür.

- Qeyd etdiniz ki, icra işinin yaxşılaşdırılması üçün hərtərəfli tədbirlər görülür. Bununla belə bəzi icra sənədlərinin icra olunmamasının səbəbini nə ilə izah etmək olar?

- Bəzi hallarda məhkəmə qərarları bir müddət icrasız qalır. Bunun obyektiv və subyektiv səbəbləri mövcuddur. Subyektiv səbəblər əsasən bəzi icra məmurlarının işə laqeyd münasibəti və vətəndaşlarla münasibətlərin düzgün qurulmamasıdır. Bu hallarda həmin icra məmuruna qarşı sərt, o cümlədən intizam tənbeh tədbirləri görülür. Amma əksər hallarda məhkəmə qərarlarının icra olunmamasının səbəbi obyektiv amillərlə bağlı olur. Belə ki, borclunun icradan yayınmaqla axtarışda olması, habelə ölkə hüdudlarını tərk etməsi, ona məxsus hər hansı əmlakın olmaması tələbin qanunla müəyyən edilən müddətdə icrasını demək olar ki, mümkünsüz edir. Təəssüf ki, bu cür icra işlərinin sayı az deyil.

- Ölkə başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasına nəzarət üzrə hansı işlər görülür?

- Əvvəla qeyd etməliyəm ki, Azərbaycan Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamı insan haqlarının, o cümlədən məhkumların hüquqlarının daha möhkəm qorunmasına xidmət etməklə cəza siyasətinin yumşaldılmasına, bir sıra cinayətlərin dekriminallaşmasına, azadlıqdan məhrum etməyə alternativ cəzaların geniş tətbiqinə zəmin yaradacaq.

Dövlətimizin başçısının Sərəncamı bu sahədə fəaliyyətin müasir dövrün tələbləri səviyyəsində qurulmasına, səmərəli idarəetmənin təşkilinə, mövcud nöqsanların aradan qaldırılmasına, korrupsiyanı istisna edən şəraitin təmin edilməsinə, müasir İKT-nin imkanlarından geniş istifadə olunmasına xidmət etməklə kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutur. Bununla bağlı Ədliyyə Nazirliyinə çoxsaylı, o cümlədən ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, bu və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi ilə bağlı mühüm tapşırıqlar verilib.

Bu və digər tapşırıqların icrası əlaqədar nazirlik tərəfindən təxirəsalınmadan kollegiya iclası keçirilərək aidiyyəti tədbirlər müəyyən edilərək həyata keçirilməyə başlanılıb.

Artıq Sərəncamın icrası ilə bağlı Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət yaradılmış işçi qrup tərəfindən bir sıra konkret tədbirlər görülüb, beynəlxalq təcrübə öyrənilməklə cinayət qanunvericiliyi ətraflı təhlil olunmuş, cinayətlərin dekriminallaşdırılması, cəzaların humanistləşdirilməsi və s. ilə bağlı müvafiq qanun layihələri hazırlanaraq təqdim olunub. Habelə ölkəmiz üçün yeni olan Probasiya xidmətinin işinin təşkili, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı elektron nəzarət vasitələrinin tətbiqi üzrə konkret addımlar atılıb.

Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti həyata keçirən nazirliyin İcra xidməti tərəfindən yerli icra hakimiyyəti orqanları ilə səmərəli qarşılıqlı fəaliyyət qurularaq ictimai işlər cəzasının icra olunacağı yerlərin siyahılarının müəyyən edilməsi ilə bağlı konkret işlər görülüb, bu cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası, habelə məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Bu sahədə tədbirlər davam olunur və heç şübhəsiz ki, dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələrin mütəşəkkil qaydada, vaxtında və dürüst icrası sayəsində müsbət nəticələrə nail olunacaq.

- İcra xidmətində görülmüş işlər barədə ətraflı məlumat verdiniz. Son olaraq nəyi əlavə etmək istərdiniz?

- Sonda Sizə təşəkkürümü bildirirəm. Son dövrdə apardığımız təhlillər onu göstərir ki, icra sənədlərinin sayı ilbəil kəskin artsa da, elmi texnologiyaların da tətbiqi ilə xidmətimiz onların icrasını təmin etməyə qadir olacaq. Qarşımızda duran vəzifə qanunun üzərimizə qoyduğu öhdəlikləri düzgün icra etmək, bunun üçün fəaliyyətimizi günü-gündən təkmilləşdirmək, əməkdaşlarımıza layiqli iş şəraiti yaratmaq, vətəndaşlara isə layiqli xidmət etməkdir.

- Nurəddin müəllim, bizə ayırdığınız vaxta və dəyərli fikirlərə görə təşəkkürümüzü bildirir, gələcək işlərinizdə uğurlar arzu edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

KİV: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib