SİYASƏT
Nurlan Niqmatulin: TürkPA-nın fəaliyyəti ortaq maraqlarımızın həyata keçirilməsinə xidmət edir
Bakı, 22 dekabr, Əsəd Məmmədov, AZƏRTAC
Azərbaycan, Qazaxıstan və Qırğızıstan müstəqilliklərinin 25 illik yubileylərini qeyd edirlər. Bu illər ərzində ölkələrimiz böyük uğurlar əldə edib, beynəlxalq aləmdə özlərinə layiqli yer tutublar. Bunun nəticəsidir ki, dünyada artıq bizim ölkələrimizin parlamentlərinin də səsi eşidilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin dekabrın 22-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində söyləyib.
Nurlan Niqmatulin bu binanın inşasına göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Parlamentin sədri vurğulayıb ki, TürkPA gələcəyə hesablanmış, gələcəyi parlaq olan bir təşkilatdır. Təşkilatın fəaliyyəti tariximizin qorunmasına və ortaq maraqlarımızın həyata keçirilməsinə xidmət edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr inkişaf edir.