ELM VƏ TƏHSİL
Nurlu ömrün şəfəqləri
Bakı, 28 aprel, İbrahim Əsədov, AZƏRTAC
Aprelin 28-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində parlaq şəxsiyyət, böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova görkəmli alim, tibb elmləri doktoru, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın şərəfli və mənalı ömür yolundan, zəngin elmi və ictimai fəaliyyətindən danışıb.
Bildirilib ki, tibb elminin inkişafında müstəsna rolu olan akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə elmin bu sahəsinə əvəzsiz töhfələr verib. Akademik Zərifə xanım Əliyeva ulu öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı idi. Zərifə xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin anasıdır. O həm də böyük alim, məşhur həkim, fəal ictimai xadim, gözəl, xeyirxah insan idi.
Böyük alim Zərifə xanım Əliyevanın işıqlı ömür yolunun nəsillərə ən layiqli nümunə olduğunu bildirən S.Xanlarova onun həmişə sonsuz sevgi və məhəbbətlə anılacağını, əziz xatirəsinin könüllərdə yaşayacağını vurğulayıb.
Sonra şagirdlərin iştirakı ilə böyük alimin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.