CƏMİYYƏT


“Nutella” istehsalçıları: palma yağı qatılmayan şokoladlı-fındıqlı pasta o qədər də dadlı olmayacaq

Bakı, 12 yanvar, AZƏRTAC

“Nutella” brendinin məxsus olduğu İtaliyanın “Ferrero” qənnadı şirkəti palma yağını müdafiə edib. Avropa tənzimləyicilərinin bu inqrediyentın potensial kanserogen olması barədə məruzəsinin dərc edilməsindən sonra bəzi istehsalçılar palma yağını boykot edirlər.

AZƏRTAC “INTERFAX.RU”ya istinadla bildirir ki, “Ferrero”nun televiziyada keçirdiyi reklam kampaniyasında palma yağı qatılmayan şokoladlı-fındıqlı “Nutella” pastasının o qədər də dadlı olmayacağı əsaslandırılıb.

Palma yağı “Nutella”nın tərkibində təxminən 20 faiz təşkil edir. Hər il “Ferrero” bu şirin məmulatdan 250 min ton hazırlayır ki, buna 50 min ton palma yağı sərf edilir.

Palma yağının təbii qırmızımtıl rəngini və kəskin iyini aradan qaldırmaq məqsədilə onun rafinadlaşdırılması çox yüksək temperaturda aparılır. Nəticədə yağ turşularının qlisidil efiri yaranır ki, bu da maddələr mübadiləsi prosesində kanserogen faktora aid edilən qlisidola çevrilir.

“Ferrero” bildirir ki, orqanizm üçün zərərli birləşmələrin yaranmaması məqsədilə şirkət üçün palma yağı Selsi üzrə 200 dərəcədən bir qədər aşağı temperaturda rafinadlaşdırılır. Şirkətin top-menecerlərinin sözlərinə görə, proses yüksək temperaturlu emaldan daha çox vaxt aparır və 20 faiz baha başa gəlir.

Qeyd edək ki, 2016-cı ilin may ayında Avropa Ərzaq Təhlükəsizliyi Agentliyi tərəfindən Selsi üzrə 200 dərəcədən yuxarı temperaturda rafinadlaşdırılan palma yağı istehlakının xərçəng xəstəlikləri ilə əlaqəsi barədə məruzə dərc edilib. Bundan əvvəl müvafiq əlaqə barədə Dünya Səhiyyə Təşkilatının ekspertləri danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.