DÜNYA
Nyu-Yorkda pilotsuz avtomobillərin testi üçün ərizələrin qəbulu başlayıb
Bakı, 11 may, AZƏRTAC
ABŞ-ın Nyu-York ştatının hakimiyyət orqanları ictimai istifadə üçün nəzərdə tutulan avtomobil yollarında pilotsuz avtomobillərin sınaqları üçün ərizələrin qəbuluna başlayıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ştatın qubernatoru Endryu Kuomonun sözlərinə görə, bu bənd ABŞ-da oktyabrın 1-dən başlayacaq 2018-ci maliyyə ilinin büdcəsinə daxil edilib. Proqramın bir il müddətində qüvvədə olacağı bildirilir.
Ərizədə göstərilən və sınaqlara buraxılan avtomobillərin hər biri 5 milyon dollar məbləğində sığorta olunmalıdır. Testlərin keçirildiyi müddətdə sürücü oturacağında sürücülük vəsiqəsi olan pilot əyləşəcək.
Həmçinin pilotsuz nəqliyyat vasitələrinin istehsalçı kompaniyalarından sınaqlara nəzarət edəcək polislərin xərclərini ödəmək tələb olunur. Nyu-York ştatının polis idarəsinin rəsmi saytında dərc olunan məlumata görə, bir saatlıq müşayiət xərci 55,86 dollardır.