SİYASƏT
Nyu-Yorkdakı Uoll-Stritdə Azərbaycan Respublikasının bayrağı qaldırılıb
Nyu-Yorkda Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin iyirmi üç illiyi qeyd olunub. Nyu-York Azərbaycanlıları Assosiasiyasının Uoll-Stritdəki Boulinq Qrin Parkında təşkil etdiyi tədbirdə Azərbaycanın BMT-nin yanında daimi nümayəndəsi Yaşar Əliyev, Azərbaycanın BMT-dəki nümayəndəliyinin və ABŞ-dakı səfirliyinin əməkdaşları, Türkiyənin Nyu-Yorkdakı konsulu Reyhan Ozgür-bəy iştirak ediblər.
ABŞ-ın və Azərbaycanın dövlət himnlərinin səslənməsindən sonra Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli və təşkilatın vitse-prezidenti Zəminə Mirhadıyeva çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasının iyirmi illiyinin ABŞ-da qeyd olunmasının əhəmiyyətini vurğulayıblar. Əvvəlki illərdə olduğu kimi,
Boulinq Qrin Parkında bayram çərçivəsində Azərbaycan Respublikasının bayrağı qaldırılıb. ABŞ-ın maliyyə mərkəzi olan Uoll-Stritdə bayrağın qaldırılması münasibətilə azərbaycanlı diasporunun toplanmasının əhəmiyyətindən danışan E.Yerdələnli deyib: “Biz Azərbaycan bayrağının Uoll-Stritdə qaldırılmasından qürur duyuruq, çünki bu küçə Birləşmiş Ştatların iqtisadi gücünü təmsil edir”.
Azərbaycanın tarixi nailiyyətlərindən və müstəqilliyinin bərpasından danışan Y.Əliyev dövlətimizin bayrağının Uoll-Stritdə qaldırılmasının ABŞ-dakı azərbaycanlıların sonrakı nəsilləri tərəfindən də davam etdiriləcəyinə ümidini ifadə edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton