İQTİSADİYYAT
OECD-nin hesabatında vergidən yayınmaya qarşı mübarizədə 21 ölkənin təcrübəsi təklif edilir
Bakı, 18 aprel, AZƏRTAC
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) vergidən yayınma hallarının və digər vergi cinayətlərinin qarşısının alınması, aşkara çıxarılması və aradan qaldırılması üçün texnologiyalardan istifadə olunmasına dair məruzəsini açıqlayıb.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, “Vergi ödəməkdən yayınma və vergi fırıldaqçılığı problemlərinin həlli üçün texnoloji alətlər” hesabatında hökumətlərə hər il toplaya bilmədikləri milyardlarla gəlirləri büdcəyə cəlb etməyə yardımçı ola biləcək həllər təklif edilir.
OECD-nin hesabatında vergi cinayətlərini effektiv şəkildə aşkara çıxarmaq və gizlədilən vəsaitləri qaytarmaq üçün 21 ölkənin vergi administrasiyası tərəfindən istifadə edilən texnologiyalara dair konkret misallar göstərilib. Bu alətlər biznes və fiskal orqanlar üçün vergi tənzimləməsinin xeyli yüngülləşdirilməsinə də yardımçı ola bilər.
OECD 21 ölkənin təcrübəsinə əsaslanaraq vergi cinayətlərinə qarşı texnologiyalardan səmərəli şəkildə istifadə edilməsi üzrə qabaqcıl təcrübənin real və asan tətbiq oluna bilən nümunələrini də təqdim edib.
Məsələn, Kanadanın Kvebek əyalətində restoran sektorunda tətbiq olunan “ticarət nöqtələri” texnologiyası vergi daxilolmalarının 822 milyon avro məbləğində artmasına imkan verib.
Macarıstanda isə elektron kassa aparatlarının tətbiqi əlavə dəyər vergisinin yayındırılmasının qarşısını alaraq, bu vergi növü üzrə yığımın 15 faiz artmasına şərait yaradıb.