İDMAN
OLEQ BLOXİN DÜNYANIN 10 ƏN YAXŞI MƏŞQÇİSİNDƏN BİRİDİR
Bu siyahıda Bloxin İngiltərə və İspaniya yığmalarının məşqçiləri Sven Qoran Erikssonu və Luis Araqonesi geridə qoymuşdur.
O, dünyada ən məşhur Ukrayna futbolçusudur. Bloxin 1975-ci ildə Avropanın ən yaxşı futbolçusu adlandırılmış, 1975-ci və 1986-cı illərdə iki dəfə Kuboklar kubokuna, 1975-ci ildə UEFA Fövqəlkubokuna, 1972-ci və 1976-cı illərdə Olimpiya oyunlarının bürünc medalına layiq görülmüşdür. Kiyevin “Dinamo” komandasının ən böyük nailiyyətləri onun oyunu ilə, habelə sovet futbolunun tarixinə həm oyunçu, həm də məşqçi kimi neçə-neçə parlaq səhifələr yazmış Valeri Lobanovskinin adı ilə bağlıdır.
Məşqçi kimi Bloxin 1990-1993-cü illərdə Yunanıstanın “Olimpiakos” (Pirey), 1993-1994-cü illərdə PAOK (Saloniki), 1994-1997-ci, 2000-ci illərdə “İonikos” və 2001-ci ildə AEK (hər ikisi Afina) klubları ilə uğurla işləmişdir.
2003-cü ilin sentyabrından Bloxin Ukrayna yığmasının baş məşqçisidir. Bu vəzifədə o, Ukrayna futbolu tarixində ilk dəfə olaraq ölkə yığmasını 2006-cı il dünya çempionatının final mərhələsinə çıxarmışdır. Özü də komanda Almaniyaya getmək hüququnu vaxtından əvvəl qazanmışdır.