İDMAN
ÖLKƏ BASKETBOL ÇEMPİONATININ OYUNLARI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində qadın basketbolçular arasında ölkə çempionatının II dövrəsinin ilk turunun görüşləri keçirilmişdir. Nəticələr belədir: “Məşəl-1” - “Məşəl-2” - 81:43, Nərimanov rayon UGİM – Qaradağ rayon UGİM – 41:68. Sumqayıt şəhər UGİM maddi vəziyyətlə əlaqədar oyunlardan imtina etmişdir. Ona görə də “Xəzər Universiteti”nin basketbolçuları bu turda istirahət etmişlər.
Dairəvi sistemlə keçirilən çempionatın turnir cədvəlində “Məşəl-1”in 12, Qaradağ rayon UGİM və Xəzər Universitetinin isə hərəyə 9 xalı var.
Uşaqlar arasında ölkə birinciliyində isə II dövrənin beşinci turunun oyunları olmuşdur. Nəticələr belədir: Qaradağ rayon UGİM – Xətai rayon UGİM – 54:53, “Renat” İK – “Təhsil” RİM – 36:78, “Spartak” İC - Sabunçu rayon UGİM – 40:38. Beləliklə, “Təhsil” RİM 18 xalla yarış cədvəlində yenə də birinci yeri tutur. Xətai rayon UGİM 17 xalla ikinci, Qaradağ rayon UGİM 15 xalla üçüncü sıradadır.
Növbəti turun görüşləri yanvarın 28-də keçiriləcəkdir.