SİYASƏT
OMBUDSMAN APARATINDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin aparatında ombudsman Elmira Süleymanovanın ATƏT-in demokratikləşmə məsələləri üzrə əməkdaşı Luts Leyxtfus, Avropa Şurasının ölkəmizdəki nümayəndəsi İnkeri Aarnio Lvoff, Niderland Krallığının Bakıdakı səfirliyinin nümayəndəsi Reyn Boermans, ABŞ-in respublikamızdakı səfirliyinin katibi Meri Qlants və BMT-nin İnsan Hüquqları üzrə Baş Komissarlığının Azərbaycanda həyata keçirilən İnsan Hüquqları Layihəsinin əlaqələndiricisi Branko Şesto ilə görüşü olmuşdur.
Müvəkkilin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Elmira Süleymanova Azərbaycanda ombudsman təsisatının yaranması, formalaşması və fəaliyyəti haqqında, həmçinin insan hüquqlarının qorunması sahəsində görülən işlər, gələcək planlar barədə ətraflı məlumat vermiş, soyqırımını törədənlərin cəzalandırılmasını tələb edən bəyanat hazırladığını və onu müvafiq nüfuzlu beynəlxalq təşkilatlara göndərəcəyini diqqətə çatdırmışdır.
Qonaqlar görüş və ətraflı məlumat üçün minnətdarlıqlarını bildirmiş, həmin bəyanatı öz təşkilatlarına çatdıracaqlarına söz vermişlər.