İQTİSADİYYAT
OMBUDSMAN XOCALI SOYQIRIMININ ON DÖRDÜNCÜ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR BƏYANAT VERMİŞDİR
Bəyanatda bildirilir ki, erməni millətçiləri tarix boyu Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları, soyqırımı törətmişlər. Həqiqəti saxtalaşdırmaq, dünyanın “məzlum xalqı” obrazını yaratmaq cəhdi “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni separatçılarının öz strateji məqsədlərini həyata keçirməkdə zaman-zaman əsas taktiki gedişi olmuşdur. Çoxsaylı tarixi sənədlər sübut edir ki, hələ 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlı erməni millətçiləri tərəfindən kütləvi surətdə qətlə yetirilmiş, öz əzəli torpaqlarından deportasiya olunmuşdur.
Ölkəmizə qarşı 1988-ci ildən başlanan erməni təcavüzü də həmin çirkin siyasətin zorakılıq yolu ilə davamıdır.
1988-ci ilin fevralından ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları ilə başlanan nümayişlərinə heç bir siyasi qiymət verməyən o vaxtkı SSRİ rəhbərliyi tərəfindən zəruri tədbirlərin görülməməsi qısa müddət ərzində Dağlıq Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları yurd yerlərinin dağıdılıb yandırılması, əhalisinin qətlə yetirilməsi ilə nəticələndi.
İşğalçı hərbi birləşmələr növbəti həmləni müharibənin ön xəttində yerləşən Xocalı şəhərinə yönəltdilər. 14 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi faciə müharibələr tarixində bənzəri olmayan cinayətlərdəndir.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti genosid - Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoydu. 487 nəfər şikəst oldu, 1275 dinc sakin əsir götürüldü. İtkin düşmüş 150 nəfərin taleyi isə hələ də məlum deyil.
Günahsız körpələrin, qadınların, qocaların qətlə yetirildiyi, böyük bir şəhərin yer üzündən silindiyi o müdhiş gecədə bəşər tarixində dəhşətli bir faciə, əsil soyqırımı baş vermişdir. Erməni qəsbkarlarının törətdikləri bu vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilməlidir. Ermənistanın yürütdüyü terrorçuluq siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir.
Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daim səy göstərdiyini qeyd edən ombudsman, ümummilli liderimiz Heydər Əliyevin bu istiqamətdə müstəsna xidmətlərini vurğulamışdır.
Ermənistanın işğalçı siyasətinin ifşa edilməsində Prezident İlham Əliyevin fəaliyyətini xüsusi vurğulayan E.Süleymanova, ölkə başçısının məqsədyönlü siyasəti nəticəsində, Avropa Şurasında ilk dəfə olaraq, Ermənistanın təcavüzkar tərəf kimi tanınmasına nail olunduğunu, Ermənistanın Dağlıq Qarabağı və Azərbaycanın daha 7 rayonunu işğal altında saxlaması faktının AŞPA-nın rəsmi sənədlərində öz əksini tapdığını diqqətə çatdırmışdır.
Bəyanatın sonunda insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilmədiyi, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülmədiyi bildirilmiş, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın haqq mövqeyini dəstəkləyəcəyinə, ədalətin tezliklə öz yerini tapacağına, ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verəcəyinə, faciəni törədən erməni terrorçularının və onların havadarlarının cinayət məsuliyyətinə cəlb ediləcəyinə, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunacağına inam bildirilmişdir.