İQTİSADİYYAT
OPEC 8 ildən sonra neft hasilatını azaltmağa nail ola biləcəkmi?
Bakı, 22 noyabr, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr son iki ildə rekord səviyyədə ucuzlaşan neftin qiymətini yüksəltmək üçün müzakirə etdikləri neft istehsalını məhdudlaşdırmaq məsələsində İranın etirazını bu ölkəyə imtiyaz verməklə aradan qaldırmağı planlaşdırırlar.
AZƏRTAC xəbər verir ki, təşkilata üzv ölkələrin energetika nazirlərinin ötən günlərdə Qətərin paytaxtı Dohadakı görüşündə İrana istehsal səviyyəsini gündəlik 3,92 milyon barreldə saxlaması təklif edilib. İclasda İran rəsmiləri ilə yanaşı, OPEC-in ən böyük istehsalçısı və İranın qlobal neft bazarındakı əsas rəqiblərindən sayılan Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid bin Əbdüləziz əl-Faleh də iştirak edirdi.
Daha əvvəl neft istehsalını yanvar ayında ləğv edilən beynəlxalq sanksiyalardan əvvəlki səviyyəyə çıxarana qədər artıracağını açıqlayan İran rəsmiləri isə keçən ay bu həcmin 4 və ya 4,2 milyon barreldə saxlanılmasının mümkünlüyünü bildirmişdilər.
OPEC-in gündəlik xam neft hasilatı oktyabr ayında sentyabra nisbətən 240 min barrel artaraq 33 milyon 643 min barrel olub. Sözügedən razılaşma isə bu həcmin 32 milyon barrel səviyyəsinə azaldılmasını nəzərdə tutur.
Əgər OPEC-ə üzv ölkələr noyabrın 30-da Vyanada keçiriləcək sammitdə razılığa gəlsələr, bu, kartel üzvlərinin 2008-ci ildən bu vaxtadək ilk dəfə xam neft hasilatını azaltmasına səbəb olacaq.
Xatırladaq ki, sentyabrın sonunda OPEC-in Əlcəzairdəki qeyri-rəsmi görüşündə neft hasilatının sutkada 32,5-33 milyon barrel səviyyəsində məhdudlaşdırılması üzrə ilkin razılığa gəlinib. Yekun qərarın isə bu ayın sonunda Vyanada qəbul edilməsi nəzərdə tutulur.