İQTİSADİYYAT
OPEC+ Monitorinq Komitəsi 2017-ci ilin birinci yarısına yekun vurub
Bakı, 25 iyul, AZƏRTAC
OPEC+ Nazirlərinin Monitorinq Komitəsi Sankt-Peterburqda keçirilən dördüncü iclasın yekunları üzrə 2017-ci ilin birinci yarısında öhdəliyin yerinə yetirilməsinin nəticələrini açıqlayıb və onun səviyyəsini 98 faiz qiymətləndirib.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, komitə, bazarın sabitləşdirilməsi üçün əlavə tədbirlər görmək lazım gələrsə, sazişi 2018-ci ilin birinci rübündən sonra uzatmağı təklif edib.
Nazirlər Komitəsinə Venesuela, Küveyt, Əlcəzair, Oman, Rusiya, Səudiyyə Ərəbistanı və OPEC-in baş katibi daxildir.
Komitənin bəyanatına əsasən OPEC+ neft istehsal edən ölkələr yanvar-iyun aylarında hasilatı 351 milyon barrel azaldıblar. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin kommersiya ehtiyatları bu dövrdə 90 milyon barreldən 250 milyon barrelədək azalıb. Beləliklə, ölkələr neft və neft məhsullarının həddən artıq əmtəə ehtiyatlarını azaltmağa nail olublar. Rusiyanın energetika naziri Aleksandr Novakın sözlərinə görə, ölkələrin saziş öhdəliklərini tam yerinə yetirməsi sutka ərzində bazardan daha 200 min barrelədək nefti çıxaracaq.
Beləliklə, sazişə yüksək səviyyədə əməl olunmasına baxmayaraq, komitə bütün iştirakçıları sazişin 100 faiz icra etməyə çağırır. Bəyanatda qeyd edilir ki, Nazirlər Komitəsi saziş iştirakçılarının hər biri ilə, xüsusən də səviyyəsi razılaşmaya uyğun olmayan ölkələrlə fərdi əməkdaşlığı davam etdirir.
Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan neft hasilatının azaldılması üzrə öhdəliyi tamamilə yerinə yetirir. Respublika üzrə gündəlik neft hasilatı yanvar ayında 793,9 min barel, fevral ayında 776,4 min barel, mart ayında 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda 793,7 min barel olub.
OPEC ölkələri 2016-cı il noyabrın 30-da Vyanada neftin qiymətlərini sabitləşdirmək məqsədi ilə gündəlik hasilatın 1,2 milyon barrel azaldılması barədə razılıq əldə ediblər. Dekabrın 10-da isə OPEC-in üzvü olmayan 11 ölkə, o cümlədən Azərbaycan gündəlik ümumi hasilatın 558 min barrel azaldılması barədə razılığa gəlib. Azərbaycan üçün bu rəqəm 35 min barrel təşkil edib və o, bu öhdəliyi yerinə yetirir. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC ölkələri neft hasilatının azaldılması müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılığa gəliblər.