İQTİSADİYYAT


OPEC neft hasilatını daha 5 il azaltmaqda davam edəcək

Bakı, 12 iyun, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) qarşıdakı 5 il ərzində neft hasilatını azaltmağı nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib.

O, ABŞ-ın böyük bir neft bazarı olduğunu xatırladıb, həmin bazarın Səudiyyə Ərəbistanı üçün əhəmiyyətli olmağa davam edəcəyini vurğulayıb.

Ötən müddətdə böyük neft emalı zavodunu aldıqlarını qeyd edən nazir həmin zavodu neft ixracını artırmaq üçün istifadə edəcəklərini bildirib.

Xalid Əbdüləziz Əl Falih ABŞ-ın Meksika Körfəzində böyük həcmdə istehsala malik olduğunu qeyd edərək deyib: “Onların nefti başqa yerlərə göndərilir və biz OPEC sazişi çərçivəsində istehsalı və daşınmanı azaldırıq. Lakin hasilat üzrə məhdudiyyətlər Səudiyyə Ərəbistanının ABŞ bazarındakı payının artırılması hədəfinə təsir göstərməyəcək. Biz bunu 15-18 milyard dollarlıq investisiya ilə dəstəkləyirik. Əgər ABŞ olmasa, başqa ölkələrə ixrac edəcəyik”.

Nazir OPEC-in neft bazasının əhəmiyyətli dərəcədə azaldığını qeyd edib: “Bu başlanğıcdı və biz qarşıdakı 5 ildə böyük həcmdə hasilatı azaltmağı gözləyirik. Ondan sonra bəlkə də, tələb və təklif tarazlığı dəyişəcək və biz bütün bazarda öz niyyətimizi həyata keçirməyə davam edəcəyik”.

Xatırladaq ki, 2001-ci ildən indiyədək ilk dəfə ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu saziş cari ilin iyul ayının 1-dək qüvvədə idi. Mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.