İQTİSADİYYAT
OPEC neft hasilatının azaldılması barədə qərar qəbul edib
Vyana, 30 noyabr, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Konfransının Vyanada keçirilən 171-ci toplantısında təşkilata üzv ölkələr neft hasilatının azaldılmasına dair razılığa gəliblər.
Konfransdan əvvəl Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falihin verdiyi nikbin açıqlamalar görüşdə fikir birliyi əldə olunacağı ehtimalını artırmışdı. O bildirmişdi ki, ölkəsi neft bazarlarının sabitləşməsinə nail olmaq üçün hasilatın azaldılmasına razıdır. İran və İraq nümayəndələrinin də kompromisə hazırlığını ifadə edən açıqlamaları gün ərzində “Brent” markalı neftin qiymətinin 8 faizədək yüksəlməsi ilə nəticələnib.
Qətərin energetika naziri və OPEC Konfransının prezidenti Mohammed bin Saleh Al-Sada toplantının açılışındakı çıxışında sentyabr ayında Əlcəzairdə əldə edilmiş razılaşmanı yüksək qiymətləndirərək bildirib ki, bütün istehsalçılar vəziyyətin ciddiliyini anlayırlar.
Kartel gündəlik hasilatı 1,2 milyon barrel azaltmaq barədə qərar qəbul edib. Gündəlik hasilatın 32,5 milyon barrelə salınmasına dair bu razılaşma 2008-ci ildən bəri hasilatın azaldılmasına dair ilk qərardır. OPEC-in bu qərarı dünya bazarlarında xam neftin qiymətinə müsbət təsir göstərib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana