İQTİSADİYYAT


OPEC toplantısı – xam neftin qiyməti üçün önəmli gün

A+ A

Vyana, 30 noyabr, AZƏRTAC

Bu gün Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Konfransının 171-ci toplantısı işə başlayır. Dünya bazarlarında neftin qiymətinə ciddi təsir göstərəcəyi gözlənilən bu toplantının nəticələri ilə bağlı real bazar araşdırmalarından tutmuş ehtimal və spekulyasiyalara kimi çoxlu versiyalar mövcuddur.

Bu ilin sentyabr ayında OPEC ölkələrinin Əlcəzairdə keçirilən qeyri-formal toplantısında gündəlik neft hasilatını 32,5-33 milyon barrel həcmində məhdudlaşdırmaqla bağlı ümumi qərar qəbul edilsə də, hansı ölkə hasilatı hansı həcmdə azaltmalı olması kimi həssas məqama aydınlıq gətirilməyib, bu məsələnin yekun müzakirəsi noyabrın sonuna saxlanılıb.

Toplantı öncəsi İran rəsmilərinin neft hasilatını azaltmayacağına dair bəyanatı dünya bazarlarında xam neftin qiymətinə mənfi təsir göstərməklə yanaşı, OPEC ölkələrinin bu toplantıda ortaq məxrəcə gələcəyini də şübhə altına alıb. Bununla belə İraqın neft naziri Cabbar əl-Luiabinin hasilatın azaldılmasına dair konkret qərarların qəbul edilməsinin mümkün ola biləcəyinə dair sözləri və ümumiyyətlə bu ölkənin hasilatın azaldılmasına dair təklifə müsbət yanaşa bilməsi barədə siqnallar görüşün nəticələri ilə bağlı nikbin fikirlər formalaşdırıb.

Enerji ekspertlərinin rəyinə görə, Səudiyyə Ərəbistanının mövqeyi hasilat siyasətində ciddi dəyişiklik edilməsini qeyri-mümkün edə bilər. Belə ki, ABŞ-da yeni siyasi rəhbərliyin iqtisadiyyatı canlandırmaq üçün milyardlarla dollar vəsait ayıracağı ehtimalını nəzərə alaraq, bu ölkənin rəsmiləri hasilatın azaldılmasına ehtiyac yaranmayacağına və bazarlarda “qara qızıla” da tələbatın yüksələcəyinə ümid edirlər.

Beynəlxalq Enerji Agentliyinin yaydığı məlumata görə, neft hasilatında dəyişiklik edilməsə, dünya bazarlarında xam neftin həddən artıq təklifi 2017-ci ilin üçüncü rübünə qədər davam edə və bu da öz növbəsində qiymətləri aşağı sala bilər.

Günün sonunda toplantının konkret addımları özündə ehtiva edən və ciddi qərarlar qəbul edən, yaxud da yalnız nəticəsiz müzakirələrdən ibarət görüş olması bəlli olacaq. İstənilən halda toplantının nəticəsi dünya bazarlarında xam neftin qiymətinə ciddi təsir göstərəcək.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.