İQTİSADİYYAT


OPEC və bu təşkilata üzv olmayan dövlətlərin Yüksək Səviyyəli Komitəsinin iclasına hazırlıq gedir

Bakı, 22 iyul, AZƏRTAC

OPEC ölkələrinin, habelə bu təşkilata üzv olmayan neft istehsalçısı ölkələrinin (OPEC+) ekspertləri bu gün texniki monitorinq komitəsinin iclası çərçivəsində neft hasilatının azaldılmasına dair sazişin icra vəziyyətini müzakirə etmək məqsədilə Rusiyanın şimal paytaxtı Sankt-Peterburq şəhərində toplaşacaqlar.

AZƏRTAC xəbər verir ki, texniki komitənin görüşü OPEC+ Sazişinin icra edilməsinin monitorinqi üzrə Yüksək Səviyyəli Komitənin dördüncü iclası ərəfəsində keçiriləcək. Yüksək Səviyyəli Komitənin iclası iyulun 24-də Sankt-Peterburqda olacaq.

Vyanada 2016-cı il noyabrın 30-da OPEC ölkələri neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılması barədə razılıq əldə ediblər. Dekabrın 10-da isə OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ölkəmiz üçün bu göstərici sutkada 35 min barreldir. Mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Sazişin icrasına nəzarət və onun şərtlərinin təshih edilməsinə dair tövsiyələrin hazırlanması üçün OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsi yaradılıb və ayda iki dəfə toplaşır. Komitəyə Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiya Federasiyası daxildir.

Sazişin icrasını, həmçinin Yüksək Səviyyəli Komitəyə daxil olan ölkələrin ekspertləri izləyirlər. Ayda bir dəfə toplaşan bu komitənin iclaslarında OPEC-in baş katibi Mohammed Barkindo da iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.