SİYASƏT
ÖZBƏKİSTAN TELEVİZİYASINDA AZƏRBAYCAN HAQQINDA VERİLİŞLƏR
Özbəkistan televiziyası ilə Azərbaycan dilində “Azərbaycan töhfələri” proqramının birinci nömrəsi efirə verilmişdir. Proqramları Azərbaycanın Özbəkistandakı səfirliyinin köməyi ilə Daşkənddəki “Dabana” müstəqil studiyası hazırlayır. Proqramların aparıcısı Daşkənddə yaşayan soydaşımız Günel Hüseynovadır.
Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov bu proqrama xeyir-dua vermiş, səfirliyin əməkdaşı Şahin Əhmədov xəbərləri təqdim etmiş, Daşkənddə yaşayan soydaşımız, tanınmış inşaatçı Vasif Vəliyevlə müsahibə verilmişdir.
Studiyanın baş redaktoru, həmyerlimiz Nadir Məhəmməd bir neçə il bundan əvvəl Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmiş və Daşkəndə işləməyə gəlmişdir.
Hələlik ayda bir dəfə efirə çıxacaq proqramlarda Özbəkistanda və Cənubi Qazaxıstanda yaşayan soydaşlarımızın həyatı, yaşayış tərzi, Azərbaycan diasporunun tanınmış üzvləri haqqında videolentlər veriləcəkdir. Verilişlərdə Azərbaycanın siyasi və iqtisadi həyatı işıqlandırılacaq, xalqımızın tarixi, ədəbiyyatı, incəsənəti ilə bağlı süjetlər göstəriləcəkdir. Azərbaycan mətbəxi, xalqımızın adət-ənənələri təbliğ ediləcək, musiqimizə geniş yer veriləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd