QAN YADDAŞI
O gecə gördüklərimi hələ də unuda bilmirəm
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi bizim qan yaddaşımızdır. Heç bir zaman bu tarixi unutmayacağıq. Əfsuslar olsun ki, xalqımız belə bir faciə yaşadı. Həmin gecə neçə-neçə övladlarımızı, cavanlarımızı itirdik, neçə ailənin çırağı söndü. Sovet ordusunun xalqımıza qarşı törətdiyi vəhşiliyi nifrətlə yada salırıq.
Bu fikirləri Auditorlar Palatasının auditoru Şəmsinur Hüseynov AZƏRTAC-a müsahibəsində bildirib.
Daha sonra Ş.Hüseynov həmin gecə ilə bağlı xatirələrini bölüşüb: “Yaqub adında bir qonşumuz var idi. 20 Yanvar gecəsi qonşumuz da atışma baş verən ərazidən keçirmiş. Onun da maşınını vurmuşdular. Özü də xəsarət almışdı. Başından, üzündən, qolundan, ayağından yaralanmışdı. Hazırda I qrup əlildir. O gecə gördüklərimi hələ də unuda bilmirəm”.
Ş.Hüseynov dedi: “Allahdan şəhidlərimizə rəhmət diləyirik. İndi də bu hadisəni gənclərimizə, uşaqlarımıza danışır, onların da bu vəhşilikdən xəbərdar olmasına çalışırıq”.